BAKI, 18 iyun — Sputnik. Dünya əhalisinin sayı 30 ildən sonra 2 milyard nəfər artaraq 9,7 milyard nəfərə çatacaq. Sputnik Azərbaycan “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, BMT hesabatında Hindistanın əhalinin sayına görə tezliklə Çini keçəcəyi vurğulanır.
Sənəddə qeyd olunur ki, artıq 2050-ci ildə əhalinin sayı 9,7 milyarda çata bilər. Yüzilliyin sonunda isə Yer kürəsində 11 milyard insan yaşayacaq.
BMT sənədində o da qeyd olunur ki, dünya əhalisi sürətlə qocalır. Buna insanın orta ömrünün artması və doğum səviyyəsinin aşağı düşməsi səbəb olur. Eyni zamanda, əhalisinin sayı azalan ölkələrin də sayı artır.
Dünya əhalisinin sayı artsa da, artım sürəti müxtəlif bölgələrdə ciddi şəkildə fərqlənir. Yeni proqnozlar göstərir ki, 2050-ci ilə qədərki dövrdə dünya əhalisinin proqnozlaşdırılan artımının yarıdan çoxu 9 ölkənin payına düşəcək: Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya Birləşmiş Respublikası, İndoneziya, Misir və ABŞ.