Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 17 iyun — Sputnik. Məşhur HBO telekanalının çəkdiyi "Çernobıl" serialı geniş rezonansa səbəb olub. Düz 33 il əvvəl Çernobıl AES-də baş verən güclü nüvə partlayışına ekran həyatı verən telekanalın çəkdiyi serialla bağlı müzakirələr səngimək bilmir. Kimisi bu kinoda Çernobıl AES-də baş vermiş dəhşətli qəza ilə bağlı detallı şəkildə məlumat verildiyini, kimisi də təhriflərin olduğunu düşünür. Elə "Çernobıl" Atom Elektrik Stansiyasında (AES) qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən Yevgeni Şevçenko da HBO kanalını ittiham edib. O, "Çernobıl" serialının yaradıcılarını həqiqəti təhrif etməkdə günahlandırıb. Şevçenkonun sözlərinə görə, serialda qəzadan sonra funksionerlərin şəhəri təcrid etdiyi, heç kimin giriş-çıxışına icazə verilmədiyi göstərilir. Şevçenkonun iddiasına görə isə, əslində heç kim insanları məcburən orada saxlamayıb. O vurğulayıb ki, qəzanın ilk dəqiqələrindən insanların təxliyə edilməsi üçün mindən çox avtobus və 20 yük maşını hazırlanıb. Şevçenkonun fikrincə, həqiqətlərin təhrif edilməsində məqsəd ölkənin imicinə mənfi təsir göstərməkdir. Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən digər şəxslər də düşünürlər ki, serialda hər şeyə səthi yanaşılıb, Çernobılda baş verənlər tam dəqiqliyi ilə əks olunmayıb.
Ukraynada baş vermiş Çernobıl AES-də baş verən qəzanın aradan qaldırılmasında 8 minə qədər azərbaycanlı da iştirak edib. Bu hadisə zamanı aldıqları yüksək fonda şüalanmadan sonra dünyasını dəyişənlər də olub, həyatlarını ömürlük olaraq bu faciədən "qazandıqları" xəstəliklərlə, əlilliklə yaşamağa davam edənlər də...
Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, HBO-nun çəkdiyi serial Çernobıl faciəsi ilə bağlı uzun illərdir, ictimaiyyətin bilmədiyi gerçəklikləri cəmiyyətə tam çılpaqlığı ilə açıqlayıb: "Bizim indiyə qədər deyə bilmədiklərimizi bir telekanal qrupu çəkdiyi kino ilə ictimaiyyətə çatdıra bildi. Əsas odur ki, bu serialla bütün dünyanın diqqətini yenidən Çernobıl faciəsi üzərinə cəlb etmək mümkün oldu. O ki qaldı serialda müəyyən məsələlərin təhrif olunmasına, mənim fikrimcə, ssenarist və rejissor bu qəzanın aradan qaldırılmasına zəhməti keçənlərin işlərini ortaya qoya, ictimaiyyətə çatdıra biliblər. Bizim ən yaralı yerimiz Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlərin əziyyətlərinin, bu hadisədən sonra yaşadıqları dəhşətlərin indiyə qədər gizlədilməsi idi. Serialda isə bunlar göstərilib. Əlbəttə ki, filmi Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlərin fikirləri ilə daha da zənginləşdirmək olardı. Amma orada yer alan məqamlar artıq bu faciənin dəhşətlərini, gizlinlərini ictimaiyyətə, üzərindən 33 il keçəndən sonra da olsa, çatdıra bildi".
Həmsöhbətimiz HBO-nun çəkdiyi "Çernobıl" serialında görmək istədiyi, amma ekran həyatı verilməyən məqamların olduğunu da söyləyir. Onun sözlərinə görə, bu faciə zamanı Çernobıl qəzasının aradan qaldırılmasına əsasən müsəlman ölkələrindən olan insanların cəlb edilməsinin özü SSRİ-nin həmin dövrdə apardığı siyasətin tərkib hissəsi idi: "Mən çox istərdim ki, kinoda Çernobil hadisəsində iştirak edən insanların illər sonrakı həyatına da geniş yer veriləydi. Və orada Ukraynada həyatlarını, sağlamlıqlarını itirən insanların bu gün həmin ölkədə pulla müalicə aldığı göstəriləydi. Qəzanın aradan qaldırılmasına bütün MDB dövlətlərindən insanlar cəlb olunsa da, ən yaxşı radioloji mərkəz Ukraynanın ərazisində qaldı. İndi bizim kimi keçmiş MDB ölkələrindən olan Çernobıl hadisəsi iştirakçıları məcburdurlar ki, Ukraynaya gedəndə ən yaxşı radioloqların cəmləşdiyi o tibb müəssisəsində müalicə almaq üçün ikiqat artıq pul ödəsinlər. Halbuki, həmin radioloji mərkəz o vaxt Çernobil qəzasının aradan qaldırılmasında iştirak edənlərin pulsuz müalicəsi üçün yaradılmışdı".
Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzada könüllü iştirak etmiş Eldar Sultanov isə Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində HBO-nun çəkdiyi serialda müəyyən siyasi elementlərin olduğunu söyləyib. Onun sözlərinə görə, Çernobil faciəsi ilə bağlı çəkilən istənilən ekran işinin əsas mahiyyəti bu dəhşətli hadisənin aradan qaldırılmasında iştirak edənlərin bəşəriyyət üçün gördüyü işin miqyasını dünyaya çatdırmaq olmalıdır: "O zaman SSRİ bu hadisənin miqyasını kiçiltməyə, qəzanın dünya üçün təhlükəsi barədə ictimai fikri dəyişməyə çalışırdı. Halbuki, Çernobil qəzasının qarşısı vaxtında alınmasaydı, bu hadisənin ağrı-acısını bütün bəşəriyyət öz üzərində hiss edəcəkdi. Serialda körpü göstərilir. Bu, doğrudan da, olmuş hadisədir. AES-də yanğın baş verəndə sakinlər yanğına baxmaq üçün körpünün üstünə çıxmışdılar. O körpüdən yanğına baxanlardan sağ qalan olmadı. Ona görə də sonradan o körpünün adı "Ölüm körpüsü" adlandırıldı. Kinoda insanların təxliyəsində bir qədər təhriflər var. Həmin hadisədə insanların təxliyəsi çox çətin idi. Orada iştirak etmiş insan kimi deyə bilərəm ki, insanlara əyinlərindəki paltardan və puldan başqa heç bir əşya götürməyə icazə verilmirdi. Ona görə də onları dolu evlərindən çıxartmaq bir qədər çətin idi".
Həmsöhbətimiz deyir ki, Çernobıl faciəsi nəticəsində daha çox radioaktiv şüalanmaya məruz qalanlar AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında iştirak edənlərdir. Onların arasında məşhur "3 dəqiqə" rejimində çalışanlar da olub: "Orada şüalanma o qədər yüksək fonda idi ki, 3 dəqiqə işləməyə icazə verilirdi. Sonra oradan uzaqlaşdırılır, bir müddətdən sonra hadisə yerinə qaytarılırdıq".
Çernobıl faciəsi zamanı hadisə yerinə könüllü yollanan E. Sultanov bundan bir qədər peşman olduğunu desə də, həmin vaxt doğru qərar verdiyini hesab edir. Onun sözlərinə görə, həmin vaxt AES-də baş vermiş qəza vaxtında aradan qaldırılmasaydı, bu gün bütün bəşəriyyət o faciənin acı taleyini yaşayardı...
Məlumat üçün qeyd edək ki, Çernobıl hadisəsi zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst qalıb. On minlərlə insan isə sonsuzluğun faciəsini yaşayıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada qalıb. Bu faciə barədə çəkilən "Çernobıl" serialı televiziya seriallarını qiymətləndirən IMDB-nin siyahısında ilk sırada yer alıb. 5 seriyadan ibarət olan ekran işində əsas rollarda Emili Uotson, Stellan Skarsqaard və Cared Harris çəkiliblər. Serialın rejissoru Yohan Renk, ssenaristi və icraçı prodüseri Kreyq Mazindir. Çəkilişlər Ukraynada və Litvada, qismən bağlanmış nüvə stansiyasında baş tutub.