CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözünün nurundan məhrum olan pianinoçunun əzabkeş əllərindən çalınan notlar

CC0 / Inactive account – ID 7144605 / pianoПианист, фото из архива
Пианист, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Fiziki məhdudiyyətli valideyn üçün övladının təhsil haqqını ödəmək asan deyil" - İlqar Əhmədov

BAKI, 16 iyun — Sputnik. Bir müddət öncə Prezident İlham Əliyev I və II qrup əlilliyi olan şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı sərəncam imzaladı. Bu sərəncam həmin qrupdan olan şəxslər tərəfindən böyük sevinclə qarşılandı. I və II qrup əlliliyi olan və sağlam övlad dünyaya gətirən valideynlər də bu sərəncamın onlara da aid edilməsini istəyir. Belə valideynlərdən biri də pianoçu, 1957-ci il təvəllüdlü İlqar Əhmədovdur.

© Sputnik / Nigar Iskanderovaİlqar Əhmədov
Gözünün nurundan məhrum olan pianinoçunun əzabkeş əllərindən çalınan notlar - Sputnik Azərbaycan
İlqar Əhmədov

Həmsöhbətimiz İlqar Əhmədov görmə məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulan 38 saylı musiqi məktəbində gənc istedadlar yetişdirir. Deyir ki, müəllim işi çox ağır və məsuliyyətlidir. O, bu günədək yüzlərlə tələbə yetişdirib. İşi isə digər pianinoçuların işi ilə müqayisədə bir qədər fərqlidir. Ümumiyyətlə, 1 faiz də olsa, görməsi olmayan qəhrəmanımız digər pianinoçulardan fərqli olaraq nota baxa bilmədiyi üçün notsuz çalır...

- Müsahibəyə bir az qəlibləşmiş sualla başlamaq istəyirəm: Necə oldu ki, bu sənətə maraq yarandı?

- 11 yaşında ikən musiqiyə marağım vardı. O zaman mən 1 nömrəli musiqi məktəbinə hamı ilə birgə təhsil alırdım. Daha sonra isə Asəf Zeynallı adına kollecdə təhsilimi davam etdirdim. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Bəstəkarlıq" fakültəsini bitirdiyim ildən, yəni 1982-ci ildən görmə məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulan 38 nömrəli 11 illik orta musiqi məktəbində müəllim kimi çalışmağa başlamışam. Hazırda xanəndəlik sinfində dərs deyirəm. Bu günədək yüzlərlə tələbəm olub.

- Niyə bəstəkarlığı seçmədiniz, məhz pianinoda çalmağa üstünlük verdiniz?

- O zaman bir neçə kurs məndən yuxarıda oxuyan mərhum Həsənağa Qurbanovun oxuduğu sinfə girib saatlarla onun pianino çalmasını izləyirdim. Mən də marağımdan kənarda dayanıb onlara qulaq asırdım. Beləcə məndə pianino çalmağa maraq oyandı.

- Sizin üçün əsas şüar nədir? Yəni, belə gənclər həyatda öz ayaqları üstdə durmaq üçün nə etməlidirlər?

- Həyat mübarizədir. Həmin döyüşdən qalib ayrılmaq üçün möhkəm iradəyə sahib olmalı, bu mübarizəni aparmaq üçün özündə mənəvi güc tapmalısan. Ruhdan düşmək isə sadəcə olaraq məğlubiyyət deməkdir. Elə fiziki qüsurlu şəxslər var ki, sağlam adlandırılan bir çox şəxslərdən daha çox üstünlüyə malikdirlər. Bu cür şəxslər arasında dünyagörüşü ilə seçilənlər də az deyil.

- Notsuz çalırsınız. Çətin deyilmi?

- Digər musiqiçilərin qabağından notu çəksələr, çala bilməzlər. Amma məndə belə deyil. Mən elə ilk dəfə əlimi pianinonun dilinə vurandan belə çalıram. Belə deyim - mən buna vərdişkaram. Sanki hər bir ifanın qəlibi beynimdə yığılıb.

- Ailə vəziyyətiniz necədir?

- Yoldaşım da mənimlə birgə həmin məktəbdə çalışır, musiqi nəzəriyyəsindən dərs deyir. Bundan başqa, evdə abituriyent hazırlayıram. Qızım ödənişli təhsil alır. Bunun üçün 2 min 500 manat təhsil haqqı ödəyirik. Birtəhər dolanırıq.

- Prezident bu yaxınlarda I və II qrup əlliliyi olan şəxslərin təhsil haqından azad olunması ilə bağlı sərəncam verdi.

- Övladımda fiziki məhdudiyyət olmadığı üçün yeni sərəncam ona aid edilmədi. Bilirsiniz necədir, istəyərdik ki, yeni sərəncam həm də valideynləri fiziki məhdudiyyətli, lakin özləri sağlam olan tələbələrə də şamil edilsin. Çünki tələbə onsuz da təhsil aldığı müddətdə işləmir. Onun təhsil haqqı yalnız valideynləri tərəfindən ödənilir. Yüzlərlə işləməyən fiziki məhdudiyyətli şəxs var ki, onların uşaqları məhz bu səbəbdən təhsil ala bilmirlər. Universitetlərdə təhsil haqları heç də aşağı deyil, 2 min manatdan yuxarıdır. O səbəbdən də məncə fiziki məhdudiyyətli valideyn üçün övladının təhsil haqqını ödəmək asan deyil.

Qeyd edək ki, qəhrəmanımızın görməsi ilə bağlı yaş yarımadək heç bir problemi olmayıb. Daha sonra isə dizenteriya olduğu üçün görməsi tamamilə yox olub.

Xəbər lenti
0