BAKI, 15 iyun — Sputnik. ABŞ lideri Oman körfəzində baş verən insidentə görə İranı günahlandırıb. O, bu barədə "Fox News"a müsahibəsində deyib.
Tramp hadisədən bir gün sonra ABŞ ordusu tərəfindən yayılmış videogörüntüləri əsas gətirərək deyib: "Bunu İran edib və siz də bilirsiniz ki, bunu onlar ediblər, çünki qayığı görmüsünüz".
Hadisə yerindən yayılan videogörüntülərdə iranlı hərbçilərin tankerlərin birindən partlamamış mina çıxardıqları iddia edilir.
ABŞ-ın fikrincə, yayılan bu görüntülər İran İslam İnqilabı Keşikçiləri Korpusunun Oman körfəzində "Front Altair" və "Kokuka Courageous" tankerlərinə edilmiş hücumlarda əlinin olmasını sübut edir.
Tehran isə videogörüntülərin heç nəyin dəlili olmadığını və İranın bu hadisədə "günah keçisi" yerinə qoyulduğunu bildirib.