BAKI, 14 iyun — Sputnik. Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan ilə görüşüb.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan Müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Ölkəmizdə diplomatik fəaliyyəti müddətində Azərbaycan-Çin hərbi əlaqələrinin genişləndirilməsində göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov ona gələcək işlərində də uğurlar arzulayıb.
Diplomat isə öz növbəsində ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını bildirib.
Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, o cümlədən Çinin Müdafiə nazirinin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.