BAKI, 13 iyun-Sputnik. Azərbaycanda 12 hakimdən ibarət kommersiya məhkəmələri yaradılır.
Sputnik Azərbaycan xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında "Məhkəmələr və hakimlər haqqında" Qanunda dəyişikliyə baxılıb.
Qanuna yeni əlavə edilən 46-1-ci maddəyə əsasən, kommersiya məhkəməsi və onun səlahiyyətləri aşağıdakı kimidir: Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır.
Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının qanunları ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Kommersiya məhkəməsi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir.
Kommersiya məhkəməsinin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir.
Kommersiya məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.
Kommersiya məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, ictimai müzakirələr zamanı belə təəssürat yaranırdı ki, "Məhkəmələr və hakimlər haqqında" qanuna edilən dəyişiklikdə məqsəd bütövlükdə sahibkarlıqla bağlı məsələlərin bir məhkəmədə baxılmasıdır: "Bu, belə deyil. İnzibati məsələlərə inzibati məhkəmələrdə baxılacaq, amma o yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmələrində baxılacaq. Belə təəssürat yaranmamalıdır ki, vaxtilə yaratdığımız inzibati-iqtisadi məhkəmələrin adı dəyişir. Harada dövlət-sahibkar arasında mübahisə varsa, inzibati məhkəmə, sahibkarlıqla bağlı məsələlərə isə kommersiya məhkəməsi baxacaq".
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.