BAKI, 13 iyun — Sputnik. “ABŞ İranda mövcud sistemi dəyişə bilməyəcək, onlar 40 ildir İslam Respublikasını aradan qaldıra bilmirlər”.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşdə İranın ali dini lideri Əli Xamenei deyib.
“Əgər ABŞ həqiqətən də bu məqsədi (İranda rejimi dəyişməyi – red.) güdürsə, o, 40 il ərzində İran İslam Respublikasını məhv etməyə çalışan digər ABŞ prezidentləri kimi bunu edə bilməyəcək” - deyə İran lideri bildirib.
Yaponiya Baş naziri Sindzo Abe dünən Tehrana rəsmi səfərə gəlib. O, son 41 ildə ilk dəfə İrana səfər edən yapon baş nazirdir.
Abenin İrana səfəri rəsmi Tokionun iki tərəfdaşı, Tehran və Vaşinqton arasında münasibətlərin kəskinləşməsi fonunda baş tutub.
Vəziyyətlə tanış olan mənbə isə RİA Novosti-yə bildirib ki, 41 il sonra baş tutan səfərdə əsl məqsəd Xameneini iyun ayında Osakada "İyirmiliyin" sammitinə gətirmək və orada onun ABŞ Prezidenti Donald Trampla görüşünü təşkil etməkdir.
Bu arada "Fars" agentliyi məlumat yayıb ki, Abe Tehrana ABŞ və İran arasında vasitəçi missiyasını həyata keçirmək üçün gəlməyib.