BAKI, 13 iyun — Sputnik. Rusiyanın “İrAero” şirkəti Bakı və Rostov arasında birbaşa aviareys açır.
Sputnik Azərbaycan şirkətin saytına istinadən xəbər verir ki, bir istiqamətdə biletin qiyməti 12000 rubldan (təqribən 316 manat) başlayır.
Uçuşlar iyulun 6-dan etibarən "Sukhoi Superjet 100" təyyarələri ilə həftənin şənbə günləri həyata keçiriləcək.
Uçuş müddətinin iki saat olacağı bildirilir. Bakıdan uçuş yerli vaxtla 12:50-də, Rostovda eniş isə yerli vaxtla 13:50-də olacaq.
Əks istiqamətdə uçuş Rostov vaxtı ilə 15:00-da, Bakı hava limanında eniş isə 18:20-də baş tutacaq.
"İrAero"nun baş direktoru Yuri Lapin yeni aviareysin açılışını şərh edərkən deyib ki, Bakı istiqamətində uçuşlar şirkət üçün artıq ənənəvidir.
Onun sözlərinə görə, Bakı reysinə olan böyük tələbat yalnız Rusiya vətəndaşları ilə məhdudlaşmır.
"Hazırda biz Azərbaycanın paytaxtına Çelyabinsk və Orenburqdan uçuşlar həyata keçiririk. İyunun 18-i isə Bakı-Yekaterinburq reysini açacağıq. Təyyarələrimizin göyərtələrində həm Rusiya regionlarının sakinlərini, həm də Azərbaycandan qonaqları görməyə şad olarıq", - deyə Lapin bildirib.
Reyslərin biletləri artıq şirkətin saytında satışdadır.