Zarina İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 12 iyun — Sputnik. Bankda depozit hesabının olması, Azərbaycanda övladlığa uşaq götürməyin əsas şərtlərindən biri ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov deyib.
Hazırda uşaqların övladlığa götürülməsinin yeni şərtləri müəyyən edilir və uşaqların uşaq evlərindən ailələrə verilməsi prosedurunun həyata keçirilməsi üçün xüsusi elektron sistem hazırlanır. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərman övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planının bəzi müddəalarının icrasına başlanılma vaxtının uzadılması ilə bağlıdır.
Bu fəaliyyət çərçivəsində ƏƏSMN-nin ekspert qrupu əvvəlki övladlığa götürmə qaydalarına yenidən baxıb, yeni layihə üzərində işləyib. Həmin layihə hazırda Azərbaycan hökuməti ilə razılaşdırılır.
Əvvəllər uşaqları övladlığa rəsmi gəlirləri yaşayış minimumu səviyyəsində (160 manat-red.) olan ailələr götürə bilərdisə, hazırda ekspertlər zamanın yeni tələblərini nəzərə alıblar.
Məlum olduğu kimi, Azərbaycanda rəsmən işsiz, amma şəxsi gəlir mənbələri olan adamların sayı çoxdur. Övladlığa götürmə ilə bağlı yeni şərtlər məhz belə vətəndaşları nəzərə alıb. Bu şərtlərə əsasən övladlığa uşaq götürmək istəyən şəxslərin bank hesabında azı 7 min manat depozit olmalıdır. Nazirlik əmindir ki, bu vəsait uşağın bir illik yaşayış minimumunun zəmanəti ola bilər.
Yaz senzi
Ələkbərov bildirib ki, sənəddə övladlığa götürülən uşaqla, onu götürən valideynlər arasında mümkün yaş həddi də artırılıb. Hazırda bu yaş həddi 16-dan az olmamaq şərtilədir. Amma yeni sənəddə bu hədd 18-ə qaldırılıb və maksimal yaş fərqi 50-yə çatdırılıb.
Eyni zamanda övladlığa uşaq götürən şəxslərin yaş həddi də müəyyən edilib. Subay adamlar 30 yaşından etibarən, ailə cütlükləri isə 25 yaşdan 55 yaşadək himayələrinə uşaq götürə bilərlər.
Yeni dəyişikliklərdən biri də əlilliyi olan şəxslərin övladlığa uşaq götürməsinə icazə verilməsidir.
"Ümumiyyətlə çoxlu yeniliklər olacaq. Övladlığa götürmə qaydaları tamamilə dəyişəcək. Bu, yeni model, yeni yanaşmadır. Övladlığa götürmə bir neçə mərhələli olacaq: ilkin, valideynlərlə söhbətlər, övladlığa uşaq götürən ailənin həyat tərzinin öyrənilməsi, uşaqla tanışlıq. Bütün bunlar əvvəlki hüquqi aktlarda yox idi" – deyə mütəxəssis bildirib.
Məmurlarla ünsiyyəti kompüterlər əvəz edəcək
Hazırda Azərbaycanda yetim uşaqların və övladlığa uşaq götürmək istəyən valideynlərin vahid bazası üzərində iş gedir. Bu elektron sistem övladlığa götürmə prosedurunun böyük hissəsinin avtomatlaşdırılmasına imkan verir. Belə ki, müraciətlərinin birinci mərhələsində namizədlər özlərinin şəxsi elektron kabinetlərini yaratmalıdırlar. Orada potensial valideynlər övladlığa götürmə meyarları ilə tanış olacaqlar və onların qarşısında qoyulan tələblərə cavab verib-vermədiklərini müəyyən edəcəklər.
Bununla yanaşı, kabinetdə övladlığa götürən ailənin yaşayış şəraiti ilə tanışlıq, sosial işçilərlə söhbət və uşaqla görüş üçün ayrılmış tarix və vaxt təyinatı barədə informasiyalar da əksini tapacaq.
"Məlumdur ki, övladlığa götürmə proseduru çox sayda sənədlərin təqdim olunmasını tələb edir. Bunlar ailə tərkibi haqqında arayış, ailənin sağlamlıq vəziyyəti, ailə üzvlərinin məhkumluğunun olub-olmaması, təhsili, məşğulluğu, gəlirləri barədə sənədlərdir. Əvvəllər bu sənədlər ayrı-ayrılıqda toplanırdı ki, bunun üçün də çoxlu vaxt və enerji lazım gəlirdi. Hazırkı sistem məmurlarla əlaqələri minimuma endirir. Zəruri məlumatlar elektron hökumət sisteminin köməyi ilə əldə ediləcək" - deyə Ələkbərov bildirib.
Uşaqların övladlığa götürülməsi üzrə hazırlanmış elektron sistem həmçinin ƏƏSMN-in e-sosial portalına da inteqrasiya edəcək.
Sonrakı mərhələlərdə övladlığa uşaq götürmək üçün müraciət edən valideynlərlə tanışlıq, söhbətlər və yaşayış sahəsinə baxış nəzərdə tutulur. Burada işin bütün ağırlığı və məsuliyyəti sosial işçilərin üzərinə düşür. Sonrakı prosedurlar onların verdikləri yekun nəticələrdən asılıdır.
Müsbət cavab olduğu təqdirdə cütlüyə iki ay müddətində uşaqla bir dam altında yaşamaq imkanı verilir. Əgər uşağı övladlığa götürən valideynlər bu sınaq müddətindən uğurla çıxsalar, o zaman sosial işçilər prosedurun tamamlanması üçün sənədləri məhkəmə göndərirlər.
Lakin bununla da işlər tamamlanmır. ƏƏSMN-in nüayəndəsinin dediyinə görə, sosial işçilər övladlığa verilmiş uşağı onlar yetkinlik yaşına çatana qədər müşahidə altında saxlayırlar.
Uşaqları övladlığa götürmə üzrə elektron sistemin 1 noyabr 2019-cu ildən fəaliyyətə başlaması gözlənilir.