İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 12 iyun — Sputnik. Su odla bir araya gəlməz, tutuşmaz deyirlər. Amma təbiətin bir-birinə əks olan bu iki ünsürü çox nadir hallarda da olsa, bir araya gələ bilirmiş. Belə təbiət möcüzələrindən biri də Azərbaycanın Ağstafa rayonu ərazisində, Saloğlu kəndi yaxınlığında yerləşir. Yerin altından qazla birgə torpaq səthinə çıxaraq daim yanan bulaq əsrarəngiz görüntü yaradır.
Ağstafa-Sadıqlı avtomobil yolunun kənarında, Kür çayı sahilində yerləşən bu bulağı yerli əhali "yanar su" adlandırır. Sakinlərin sözlərinə görə, ötən əsrin 70-ci illərində bu ərazilərdə neft axtarışları aparılıb və bu məqsədlə də bəzi yerlərdə qazıntı işləri görülüb. Belə qazıntıların birində quyudan neft deyil, qazla birlikdə su çıxıb.
Saloğlu kənd sakini Yolçu Ağacanov Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində bu suyun tərkibinin müalicəvi maddələrlə zəngin və içməyə yararlı olduğunu deyib.
"Bu bulaq yarandığı gündən ətraf kəndin sakinləri ondan istifadə edirlər. Əhali neçə illərdir onun xeyrini görür. Tərkibində kükürd olduğundan dəri xəstəliklərinin, yaraların sağalmasında müalicəvi rol oynayır. Eyni zamanda, mədə-bağırsaq sisteminə də çox xeyri dəyir. Həzmi yaxşılaşdırır"- deyə kənd sakini bildirib.
Rayonun Poylu qəsəbəsinin sakini Mətləb Əliyev yanan bulağın suyundan Saloğlu və Poylu qəsəbəsinin camaatı ilə yanaşı Kürətrafı kəndlər və digər yaşayış məntəqələrinin sakinlərinin də istifadə etdiyini vurğulayıb. Əliyev də bu suyun faydalarından danşıb:
"Bu su dəri xəstəlikləri və mədə-bağırsaqla yanaşı böyrəklər üçün də çox xeyirlidi. Bu sudan daim istifadə edənlərin böyrəyində heç vaxt daş olmaz. Bir də bu suyun çox gözəl çayı olur. Ona görə də yaxşı çay həvəskarları daim bu sudan aparıb istifadə edirlər".
Suyun müalicəvi tərkibi, alovla birgə axması, içmək üçün yararlı olması insanların bu bulağa olan maraqlarını artırır. Yoldan keçənlər ayaq saxlayıb, sudan içir, şəkil çəkdirirlər. Gecələr isə bulağın alovu ətrafa işıq saçaraq daha əsrarəngiz mənzərə yaradır.