BAKI, 11 iyun — Sputnik. Rusiyanın Tuva vilayətində ayı hücumuna məruz qalmış şəxs canını qurtarmaq üçün heyvanın dilini dişləməli olub.
Sputnik Azərbaycan TVK kanalına istinadən xəbər verir ki, hadisə dostları ilə meşələrdən birində görüşmüş yerli sakinin başına gəlib.
Qeyd edilir ki, üç nəfər meşədə görüşərək orada tonqal qalayıb və yemək bişiriblər.
Sonradan onlar ayrılaraq maral buynuzu toplamaq üçün fərqli istiqamətlərdə gediblər. Bu an onlardan biri ayıya rast gəlib.
Kişinin heyvanı qorxutmaq üçün səs-küy saldığı, lakin buna baxmayaraq ayının hücum etdiyi bildirilir.
Canını qurtarmaq üçün Tuva sakini ayının dilini dişləməli olub. Bundan sonra isə heyvan qaçıb.
Tezliklə tuvalını dostları tapıb. Onu üz, baş, əl və qarın nahiyəsinin yaraları ilə xəstəxanaya çatdırıblar.