İradə Cəlil, - Sputnik Azərbaycan
BAKI, 10 iyun — Sputnik. "Yanardağ" Bakıdan 27 kilometr uzaqlıqda Məhəmmədi-Digah yolunda yerləşir. Əvvəllər bu ərazi muzey kimi fəaliyyət göstərsə də, gözdən-könüldən uzaq olduğu üçün baxımsız vəziyyətdə idi. Kompleksin ətrafında kiçik çayxana tipli kafelər fəaliyyət göstərirdi. Kənd əhalisi mal-qarasını yaxınlıqdakı ərazidə otardığı üçün ətraf çox zaman çirkli olurdu.
Sputnik Azərbaycan-ın əməkdaşı Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub.
Öncə onu qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il 17 iyul tarixində "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yenidən qurulması, abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bundan sonra "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təmir və yenidən qurma işlərinə başlanıldı.
Hazırda qoruqda təmir işləri başa çatsa da, qoruq rəsmi olaraq ziyarətçilərin üzünə açılmayıb.
Buna baxmayaraq, hər zaman olduğu kimi həmin gün də qoruğun çox sayda ziyarətçiləri var idi. Xüsusən ərəb ölkələrindən gələn əcnəbilər qoruğa baş çəkir, qoruğun tarixi ilə maraqlanırdılar.
Yanardağın tarixi eramızdan əvvələ təsadüf edir. Burada alovlar dağın ətəyində təbii qazın çıxması nəticəsində yaranıb. Hazırda qoruq böyük - 64,55 hektar əraziyə malikdir. Dağın yüksəkliyi 116 metrdir.
Qeyd edək ki, qədim zamanlardan Abşeronda belə yanan təpələrin, dağların olduğu qeyd edilib. Onların çoxu sönsə də, Yanardağ qalıb.
Ərazidə aparılan araşdırmalar sübut edir ki, Bakı və ətraflarında həm quru, həm də dəniz üzərində daimi yanan alovlar qədim dövrlərdən olub.
Abidənin ərazisində qədim qəbiristanlıq və üç tərəfdən alov izləri aşkar olunub. Qeyd edək ki, İslam dinindən əvvəl Yanardağ yerli və gəlmə atəşpərəstlərin inanc yeri olub. İndi də bu abidəyə "pir", "ocaq" kimi dəyər verənlər də var. Əsasən də xarici ölkələrdən gələn atəşpərəstlər bura dini ocaq kimi baxırlar. Bu tarixi abidə ilə əlaqədar bir çox əfsanə və rəvayətlər mövcuddur.
Qoruqda təmir işləri xarici təcrübəyə əsaslanıb. Belə ki, qoruğa daxil olan zaman Türkiyənin Dənizli şəhərindəki "Pamukkale" qoruğunu xatırladır.
Qeyd edək ki, hazırda qoruğa giriş yerli ziyarətçilər - 2 manat, xarici ziyarətçilər - 9 manat, tələbələr üçün - 1 manatdır. Qoruğa daxil olmaq istəyən tələbələr mütləq tələbə bileti təqdim etməlidirlər.
Eyni zamanda qeyd edək ki, 18 yaşına qədər uşaqlar, Milli Qəhrəmanlar, I və II qrup əlillər və müharibə veteranları qoruğa pulsuz daxil ola bilərlər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında imzaladığı sərəncamla "Yanardağ" ərazisi qorunan tarixi abidələr sırasına daxil edilib.
Burada Yanardağla yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri var. Yanardağın arxa hissəsində isə neftli layların yer səthinə çıxdığı, çox sayda qır bulaqlarının olduğu "Kirməki" vadisi var. "Kirməki" "qır məkanı" deməkdir. Belə ki, deyilənlərə görə, bir zamanlar burada qır təbii yolla yer səthindən çıxırmış.
Ziyarətçilər bələdçinin mütləq müşayiəti olmaq şərtilə vadiyə də baş çəkə bilərlər.
Xatırladaq ki, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaxın günlərdə rəsmi şəkildə açılış mərasimi keçiriləcək.