BAKI, 10 iyun — Sputnik. Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Comart Tokayev hökumətin istefasının mümkünlüyünü şərh edib.
Sputnik Qazaxıstan xəbər verir ki, bazar ertəsi keçirilmiş mətbuat konfransında verdiyi bəyanatında Tokayev hökumətin seçkilərdən sonra istefaya getməyəcəyini deyib.
“Hökumətimiz seçkilərdən sonra istefaya getməyəcək, lakin müəyyən kadr təyinatları həyata keçiriləcək”, - deyə dövlət başçısı bildirib.
Mərkəzi Seçki Komitəsinin verdiyi ilkin məlumatlara görə, Qazaxıstanda keçirilmiş növbədənkənar prezident seçkilərində Kasım-Comart Tokayev səslərdən 70,76%-ni toplayıb.
Ümumxalq səsverməsi bazar günü, iyunun 9-da keçirilib.
“Seçkilərin boykotu baş tutmadı. Heç kəs vətəndaşları səsverməyə gəlməyə məcbur etmədi. Bu baxımdan mən seçkilərin nəticələrini müsbət qiymətləndirirəm”, - deyə o bildirib.
Tokayev bəyanatında seçkilər günü keçirilmiş icazəsiz mitinqlərə də toxunub.