Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 9 iyun — Sputnik. Elə işçilər var ki, onlar səhərin gözü açılmadan çörəkpulu qazanmaq üçün çöllərə axışır. İnsanların, yaxud da küləyin sovuraraq tulladığı zibilləri ətrafdan yığmaqla evlərinə bir tikə də olsa çörək apara bilirlər. Lakin bəzən bir insanın taleyində gözlənilmədən fırtınalar baş verir...
Mətbuat prospektində təmizlik işləri ilə məşğul olan, işə gedən jurnalistlərin çoxunun hər gün rastlaşdığı Şəhla Fəttayeva həmsöhbətimizdir. Onu Bakıya gətirən səbəb isə övlad acısı olub. Dərdini, sərini, acısını unutmaq üçün burada işləyib pul qazanır: “Səhər səkkizin yarısından axşam altıyadək günümü, həyatımı bu küçələrdə keçirirəm. Desəm ki, işimdən zövq alıram, yalan olar. Yox, sadəcə olaraq acımı, dərdimi unutmaq, vaxtımı keçirdib evə pul aparmaq üçün burda işləyirəm”.
O isə artıq 9 ildir ki, Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstismar Sahəsində çalışır: “2008-ci ildə həyat yoldaşım, 2010-cu ildə isə oğlum dünyasını dəyişdi. Oğlum intihar etmişdi... Əsgərlikdən qayıtdıqdan sonra sevdiyi qızı qaçırtmaq istəyirdi. Amma oğlumun bu istəyi baş tutmadığına görə özünü güllələyərək intihar etdi... Həmin hadisədən sonra həyatım büsbütün qaralmışdı, hər şey mənasız görünürdü. Məni bu yollara salan oğul dərdi, acısı oldu. Özümə gəlmək üçün Lənkərandan ayrılmaq məcburiyyətində qaldım. İki uşağı da qoltuğuma vurub Bakıya gəldim. O günləri heç xatırlamaq istəmirəm. Elə həmin vaxt oradan birbaşa Bakıya Yasamal rayon MKİS-ə müraciət edib işlə təmin olundum”.
“İndi iki oğlum da böyüyüb, böyük kişi olub mənə dəstəkdirlər. Əmək haqlarımız bir az da artsa, yaxşı olar. Aylıq 340-370 manat maaş alırıq. Sadəcə olaraq bizə diqqət, qayğı, nəzarət güclənsə, daha yaxşı olar. Əvvəl süpürgəçilərə ev verirdilər. Amma indi heç onu da vermirlər” – deyə 50 yaşlı həmsöhbətimiz əlavə edib.
Ş.Fəttayeva iki oğlu və bir gəlini ilə birgə elə Mətbuat prospektində yerləşən binaların birinin zirzəmisində yaşayır: “Elə işlədiyim “JEK”dən bu zirzəmi bizə verilib ki, müvəqqəti yaşayaq. Orada bir təhər özüm üçün bir şərait düzəltmişəm. Yaşayışım normaldır”.
“İndi heç sağlamlığıma da zaman ayıra bilmirəm. Həkimlər deyir ki, qaraciyərimdə ləkə var, əməliyyat olunmalıyam. Bilmirəm, necə olacaq. Əvvəl çox şey, elə yaşayışım da normal idi. İndi birini alanda onunu ala bilmirəm, nədəsə gözüm qalır. O vaxtlar yoldaşım usta idi. Özüm isə texnikumu bitirmişdim, 1990-cı illərin əvvəllərinədək mağazada satıcı kimi işləmişəm. 1992-ci ildə ölkədə qarışıqlıq olduğuna görə bir müddət işsiz qaldım. Sonrada rayonda fəhlə kimi də işləyib yoldaşıma dəstək oldum” – deyə həmsöhbətimiz əlavə edib.
Deyir ki, işdən məhəl tapıb ağacın kölgəsində bir qurtum çay içəndə də övladı yadına düşür.
“Valideynlərə tövsiyə edirəm ki, uşaqlarla yaxşı rəftar etsinlər. Uşaqdırlar, beyinləri doludur, elə hey istəyirlər ki, öz bildiklərini etsinlər. Ona görə də gərək ki, valideyn də övladının üstünə gedib onu sıxmaya. Mən də övladımın üstünə gedib onu sıxmamışam. Amma görünən budur ki, bizim aramızda böyük pərdə olub. Onun böyük sevgisindən, dərdindən xəbərsiz olmuşam, o da mənə bu haqda heç nə deməyib” – deyən ana ürəyinin fəryadını dilə gətirir.