BAKI, 8 iyun — Sputnik. "Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb ki, onlardan da 300 mini uşaqlardır".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri ilə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O, bildirib ki, müharibə və onun dəhşətləri uşaqlarda dərin psixoloji iz buraxıb: "Müasir dövrdə uşaqların hüquqlarının qorunması çox aktualdır və bütün bəşəriyyəti düşündürən məsələdir. Bu gün dünyanın bir çox yerində silahlı münaqişələr baş verir və bundan ən çox uşaqlar əziyyət çəkirlər. Biz öz tariximizdə də bunun acı nəticələrini görürük”.
Onun sözlərinə görə, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, işğalçıların Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. H. Hüseynova qeyd edib ki, ötən dövrdə 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan on dördü həlak olub, iyirmisi yaralanıb. Onlardan ən balacası isə bir yaş səkkiz aylıq Zəhra Quliyevadır.