Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva
BAKI, 8 iyun — Sputnik. “Azərbaycanda polietilen torbaların pullu olması ilə bağlı təkliflər razılaşdirma mərhələsindədir". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev söyləyib.
M. Nəbiyev bildirib ki, polietilen torbaların pullu olması ilə bağlı təkliflərə aidiyyəti qurumlarla birgə baxılır: "Poletilen torbalar onsuz da hazırda ticarət obyektlərində müştərilərə pulsuz verilmir. Sadəcə olaraq onun qiyməti kassa çekində ayrıca qeyd edilmir. Biz bunu təmin etməyi nəzərdə tutmuşuq".
M. Nəbiyevin sözlərinə görə, hələlik polietilen torbaların satışdan yığışdırılmasından söhbət getmir: "Ümumiyyətlə bu məsələdə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi mərhələli şəkildə olmalıdır. Hər bir məhsulu satışdan yığışdırmazdan öncə, bazara onun alternativi təklif olunmalıdır. Polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması yeganə həll üsulu deyil. Həmin materialların alternativləri, yəni kağız, parça, kətan torbaların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir. Nazirlik bu məqsədlə beynəlxalq ekspertlərin iştirakı ilə bir neçə dəfə maraqlı tərəflərin görüşünü təşkil edib. Görüşdə müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və istehsalçı şirkətlərin nümayəndələri də iştirak edib. Onlar da bu məsələdə yaxından iştirak etməlidirlər ki, müsbət nəticə əldə olunsun".
Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"nında plastik qablaşdırma materiallarından istifadə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, təhlillər aparılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, plastik qablaşdırma materiallarından istifadə sahəsində tədbirlərin təsirinin qiymətləndirilməsi, eyni zamanda alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi nəzərdə tutulub.