BAKI, 6 iyun — Sputnik. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTTY) da bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Sputnik Azərbaycan-a növbətçi hissədən məlumat verilib.
Bildirib ki, bayram günləri ilə əlaqədar yollara təcili təxirəsalınmaz tibbi yardım avtomobilləri təhkim olunub. Amma xoşbəxtlikdən, stansiyaya edilən müraciətlərin sayı artmayıb: “Bayram ilə əlaqədar BŞ TTTYS gücləndirilmiş iş rejimində çalışsa da hələ ki, daxil olan müraciətlərin sayında artım yoxdur. Buna səbəb də bayram günlərində paytaxt sakinlərinin çoxunun rayonlara üz tutmasıdır. Ötən gecədən bu günədək TTTYS-na 1600 müraciət daxil olub. Adi günlərdə də TTTYS-na daxil olan müraciətlər 1600-1800 arası dəyişir. Deyərdik ki, bayramla əlaqədar stansiyaya nəinki daxil olan müraciətlərin sayı artıb, əksinə azalma var. Amma buna baxmayaraq BŞTTTY gücləndirilmiş iş rejimində çalışmaqda davam edir. Həkimlərimiz növbəli şəkildə işləyirlər”.