CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dadından doymaq olmur, faydasından yazmaqla bitməz - Ölüm isə göz və qaş arasındadır

CC0 / lonepige / MushroomГрибы, фото из архива
Грибы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Eyforiya yaranır, sevinir, sonra hətta ölə bilərlər - Göbələk zəhərlənməsinin əlamətləri

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. “İnsanın sevdiyi və ən çox qorxduğu qidalardan biri də göbələkdir. Hətta ən təcrübəli şəxslər belə, göbələkdən istifadə zamanı yüz dəfə ölçüb-biçirlər. Çünki insanların yeyilən göbələklərlə yeyilməyən göbələkləri fərqləndirə bilməməsi zəhərlənməyə səbəb olur. Bu zəhərlənmə isə çox vaxt ölümlə nəticələnir".

Malyariya ağcaqanadı - Sputnik Azərbaycan
Malyariya ağcaqanadlarını məhv edən göbələk yaradılıb

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Kommunal və qida gigiyenası kafedrasının müdiri İbrahim Əhmədov deyib. Öncəki illərlə müqayisədə göbələk zəhərlənmələrinin sayında azalmaların olduğunu vurğulayan İ.Əhmədov zəhərli və zəhərsiz göbələklərin fərqindən də danışıb: "Yeyilən göbələklərin tərkibində toksiki maddələr, zəhərlər yoxdur. Lakin elə göbələklər də var ki, onların toxumaları və yeyilən hissələrində insan orqanizmi üçün təhlükəli olan toksinlər var. Belə olan hallarda ciddi zəhərlənmələr baş verir".

"Zəhərlənmələrin baş verməməsi üçün məsləhət görülür ki, yalnız bu sahədə biliyi olan şəxslər göbələk yığımı ilə məşğul olsun. El arasında "adam göbələyi" kimi tanınan şampinyon dünyada ən zəhərli göbələk hesab edilən solğun əzvay göbələyinə çox bənzəyir. Təcrübəsi olmayan şəxslər onları fərqləndirə bilmirlər. O, göbələyin tərkibində olan zəhərli maddələr böyrək və sinir sistemini sıradan çıxardır".

Göbələkdən zəhərlənmənin daha çox meşə, dağda gəzintiyə çıxan təcrübəsiz şəxslər arasında baş verdiyinə diqqət çəkən həmsöhbətimiz digər zəhərli göbələklər haqda da məlumat verib: "Milçəkqıran göbələk var, onu el arasında "çaqqalaçiçək" də adlandırırlar. Bu üstü xallı bəzəkli göbələkdir. Uşaqları onu çox həvəslə yeyir. Bir müddət sonra isə belə uşaqlarda sinir sistemi pozulur. Öncə onlarda eyforiya yaranır, sevinir, şənlənir, gözlərindən yaş axmağa başlayır. Get-gedə toksinin gücü artır. Bu hal ölümə də gətirib çıxarda bilər".

"Elə eyniadlı göbələk var ki, onun həm yeyilən, həm də yeyilməyən növü var. Elə göbələklər var ki, onun nə qədər qaynadıb suyunu sıxsan da, tərkibindəki toksinlər ölmür. Hətta bəzən şampinyon göbələyi ilə də zəhərlənmə baş verə bilər. O, çox yetişərsə, vaxtı keçərsə, yaxşı təmizlənməzsə, bu zaman da zəhərlənmələr olur" – deyə ekspert əlavə edib.

O bildirib ki, belə arzuolunmaz halların baş verməməsi üçün insanlar arasında təbliğat aparmaq lazımdır: "Bəzən insanlar marketlərdə, restoranlarda olan göbələkləri yeyərkən də ehtiyat edirlər. Əslində bunlardan qorxmaq lazım deyil. Çünki onlar yabanı formada bitmir".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə sorğumuza cavab olaraq göbələyin faydalı cəhətləri haqda məlumat verilib: "Göbələk demək olar ki, bütün fəsillərdə ən çox istifadə olunan qidalardan biridir. Tərkibində mineral maddələr, vitaminlər, yağ, karbohidratlar və s. var. Dəyərli zülal mənbəyi olmasıyla yanaşı, göbələk həmçinin orqanizm üçün lazım olan bütün amin turşuları ilə zəngindir. Göbələklərin tərkibində lesitin olduğuna görə ürək-damar xəstəliklərinin müalicəsi və maddələr mübadiləsi zamanı çox xeyirlidir.  Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələk fiziki və əqli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə müsbət təsir edir". 

"Təzə göbələyin 100 qramı 71-130, qurudulmuş göbələyin 100 qramı isə 1251-1335 kilokalori enerji verir. Göbələkdən alınan bulyon mədə şirəsinin ifrazına göstərdiyi təsirə görə ət bulyonundan üstün hesab edilir. Təzə halda istifadə ediləcək göbələklər təmiz, sağlam, şax, əzilməmiş, torpaqdan təmizlənmiş olmalıdır" – deyə AQTA-dan verilən məlumatda bildirilib.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Cəlilabadda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb

Qeyd olunub ki, təzə göbələkləri növündən və saxlanma temperaturundan asılı olaraq maksimum 2-5 sutka saxlanıla bilər: "Saxlanma zamanı stabil temperaturun təmin olunması vacib şərtlərdən biridir. Bu məhsulların saxlanılması üçün optimal temperatur isə 0-50C hesab olunur. Göbələk təmiz, quru, ziyanvericilərin təsirinə məruz qalmayan yerlərdə saxlanılmalıdır. Eyni zamanda göbələklər sanitar norma və qaydalara riayət edilməklə, texnoloji təlimatlara uyğun olaraq qablaşdırılmalıdır. Göbələk qablaşdırılmış taraların markalanmasında istehsalçının əmtəə nişanı, onun xalis çəkisi, yığılma, qablaşdırma tarixi, saxlanma temperaturu, müddəti, şərtləri, standarta uyğunluğu haqqında informasiya və s. məlumatlar olmalıdır".

AQTA-nın məlumatında göbələyin hətta ölümə belə səbəb ola biləcəyi vurğulanıb: "Göbələk düzgün istifadə olunmadıqda zəhərlənməyə, hətta ölümə də səbəb ola bilər. Emal olunarkən üst qabığı soyulmalı və yuduqdan sonra bişirilməlidir. Zəhərli növlərin yeməlilərə nisbətən az olmasına baxmayaraq, onlara hər yerdə rast gəlmək mümkündür. Göbələk olan qazanda gümüş qaşıqların qaralması burada kükürdlü amin turşularının təsiri ilə bağlıdır. Belə turşular həm zəhərli, həm də zəhərsiz göbələklərdə ola bilər. Buna görə ən etibarlı üsul tanış olmayan göbələkləri yığmamaq və almamaqdır. Bundan əlavə, ekoloji cəhətdən əlverişsiz bölgələrdə yetişən göbələklər özlərində külli miqdarda toksiki ağır metallar, kanserogen maddələr, avtomobil yanacaqlarının natamam yanma məhsullarını toplayırlar. Buna görə də avtomobil yollarının kənarlarında satılan göbələkləri almaq tövsiyə edilmir".

Xəbər lenti
0