İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 4 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada milyonlarla insan iqlim dəyişikliyi və onun fəsadlarından əziyyət çəkir. Daşqınlar, sel, dolu, fırtına və qasırğalar hər il minlərlə insanın ölümünə səbəb olur.
Son vaxtlar Azərbaycanda da qeyri-sabit hava şəraiti hökm sürür. Bu il qış hətta Azərbaycana belə, xas olmayan qədər mülayim keçdi. Amma may ayında bölgələrdə müşahidə edilən leysan, dolu, kəskin küləyin ardınca havaların anidən istiləşməsi qeydə alındı.
Bəs bütün bunları kəskin iqlim dəyişikliyinin əlaməti adlandırmaq olarmı?
"Azərbaycan ərazisində dolu yağması ilə bağlı ümumi statistik məlumatlara görə, 2012-2014, 2017-ci illərdə daha çox dolu prosesləri müşahidə olunub". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev danışıb.
O, qeyd edib ki, bu ilin may ayında da belə proses müşahidə edilib.
"Adətən Azərbaycan ərazisində dolu prosesləri may ayında başlayır və payız aylarına kimi davam edir. Bu əsasən dağətəyi rayonlarda özünü biruzə edir. Yəni belə proseslərin baş verməsi ilk dəfə deyil ki, müşahidə edilir. Daha əvvəl də olub", – deyə Verdiyev vurğulayıb.
Hidrolqun fikrincə, iqlim dəyişiklikləri də burada özünü göstərir: "Bəzi yağıntıların intensivliyində və eyni zamanda ekstremal hidrometreoloji proseslərin sayında artım müşahidə olunmaqdadır. Bu özünü daha çox son illərdə dağlıq ərazilərdə, respublikanın dağ çaylarında baş verən daşqınlarla və dolu proseslərinin artımında göstərir".
Verdiyev bildirib ki, hava şəraitinin dəyişkən olması iki istiqamətdə izah edilə bilər: "Belə ki, hava şəraiti şimal ərazilərdən soyuq hava kütlələri daxil olan zaman dəyişir. Və bəzən də lokal xarakterli proseslər baş verir. Bu proseslər əsasən iyun-iyul aylarında müşahidə edilir. Məsələn, hər hansı bir əraziyə bəzən lokal leysan yağışları yağır. Yaxud hər hanası çayın yaxınlığına lokal tipli leysan yağışlarının düşməsi qısa müddətli daşqınlara səbəb olur".
Mütəxəssis son günlər havaların isti keçməsinə də öz münasibətini bildirib. O, qeyd edib ki, Bakı və Abşeronda müşahidə olunan hava anomal sayılmır: "İyun ayında ən yüksək temperatur 1996-cı ildə qeydə alınıb. Belə ki, həmin vaxt 40 dərəcə isti müşahidə olunub. Son günlərdə havanın hərarəti isə 40 dərəcədən yuxarı qalxmayıb. Müşahidə olunan temperatur anomal sayılmır".
Hidroloq əlavə edib ki, iyun ayının ilk 10 günlüyündə havanın temperaturu gün keçdikcə yüksələcək və iqlim normasından yüksək olacaq. Bu, yaxın 2-3 gün ərzində də özünü göstərəcək.
Qeyd edək ki, hazırkı temperatur iqlim normasından 4-6 dərəcə yüksəkdir.
Həkim terapevt Günel Qasımovanın sözlərinə görə, havanın temperaturunun yüksəlməsi insan səhhətində əsasən ürək, qan-damar sisteminə zərbə vurur.
Belə ki, havanın temperaturu yüksəldikdə ürək daha intensiv çalışmağa başlayır, nəbz döyüntüsü artır, damarlar genəlir. Arterial təzyiq enir.
"İsti havada bədən çox miqdarda maye, eyni zamanda mineral duzlar itirir. Ürək ritminin saxlanılması və normal işləməsi üçün vacib olan kalium və maqnezium defisiti yaranır" – həkim əlavə edib.
Onun sözlərinə görə, bədənin susuzlaşmasının nəticələrindən biri də qanın qatılaşmasıdır. Belə ki, qan qatılaşan zaman arterial təzyiqin enməsi baş verir və trombyaranma riski artır.
Ekoloq Vaqif Əliyevin sözlərinə görə, yer səthində istiliyin dərəcəsinin artmasına səbəb ekoloji çirklənmə, insanların təbiətlə düzgün davranmaması, avtomobillərin, zavodların tüstüsü və digər bu kimi hallardır: "İnsan yer kürəsini özü üçün cəhənnəmə çevirir. Yaşıllıqların qırılması, göydələnlərin ucaldılması, yolların asfaltlanması, hamısı təbiətə verilən zərərdir və bunu da təbiət artıqlaması ilə bizə qaytarır".