BAKI, 4 iyun — Sputnik. Rusiya Venesuelada olan hərbi mütəxəssislərin sayını azaldıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Venesuelada olan rusiyalı mütəxəssislərin sayı xeyli azaldılıb. Söhbət Rusiya və Venesuela arasında məsləhətləşmələrə cavabdeh olan mütəxəssislərdən gedir.
"The Wall Street Journal" nəşrinin fikrincə Rusiya tərəfi Venesuela prezidenti Nikolas Maduroya olan inamı itirib.
Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya və daha bir neçə ölkə isə Maduronu dəstəklədiyini bildirib.
Fevralın 1-də Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə, Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.