İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 2 iyun — Sputnik. Bir neçə gün öncə yolumuz Quba rayonuna düşmüşdü. Oradakı ucqar kəndlərin birindən reportaj edib, geri qayıtmalı idik. İşimiz uzun çəkdiyi üçün axşam saatlarında geri qayıtmalı olduq.
Ancaq yolumuzun bu qədər təhlükəli olduğunu heç düşünməmişdik. Qubadan çıxdıqdan sonra bir xeyli yolu kələ-kötür yolla irəliləməli olduq.
Yolun adı "beton yol" olsa da, betonlardan demək olar ki, əsər əlamət qalmamışdı. Yol qaşınmış, bəzi yerlərə yamaq atılmışdı.
Əslində 110 km/saat sürətə malik olan yolda sürət həddi müəyyən yerlərdə 90-70-50 km/saat olaraq azaldılsa da, bu sürətlə belə güclə hərəkət edirdik.
Yolları ayıran dəmir arakəsmələrdə fosfor vurulmaması, yolda işıqlandırmanın olmaması və sürətlə hərəkət edən iritonnajlı avtomobillərin ətrafı bürüyən toz-dumanı yolu ölüm yoluna çevirmişdi.
Bəzi avtomobillər qəza-siqnal işıqlarnı yandıraraq, yolda 20-30 km/saat sürətlə hərəkət edirdi. Sürücülər məcbur idi ki, uzaqvuran işıqları yandırsın. Əks halda yolu görmək mümkün deyildi. Təhlükəni gözə alaraq, hər zaman 1,5 saata gəldiyimiz yolu 2,5 saata gələ bildik.
Bu yolun niyə bu qədər baxımsız olması isə bizi maraqlandıran əsas sual oldu. Odur ki, gələn kimi bu mövzunu araşdırmağa qərar verdim.
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, Bakı–Rusiya Federasiyası yolu çox təhlükəli vəziyyətdədir. Ancaq təəssüf olsun ki, yolları təmir edən, yol çəkən qurumlar bu cür elementlərə fikir vermirlər. Bu onlar üçün xırda məsələ kimi görünsə də, sürücülər üçün bu çox təhlükəlidir.
"Dəfələrlə olub ki, yolu qazıb, nişanları düzgün qoymayıblar, maşınlar gəlib həmin çuxurlara düşüb, qəzalar baş verib. Bu onu göstərir ki, həmin qurumlar işə məsuliyyətsiz yanaşır. Bu onu sübut edir ki, həmin qurumlar baş verən hadisələrə görə cəzalandırılmadıqları üçün vəziyyət bu həddə çatıb" - deyə ekspert qeyd edib.
Muradlı hesab edir ki, sürücülər yığılıb, Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) məhkəməyə versələr, aidiyyatı qurum və səlahiyyətləri haqqında ciddi qərarlar verilsə, onlar işlərinə qarşı daha məsuliyyətli ola bilərlər: "Bu yol sürücüləri konkret olaraq, ölümə aparır. Hesab edirəm ki, həyəcan siqnalı çalmaq vaxtıdır".
E.Muradlının sözlərinə görə, Yol hərəkəti haqqında qanunda aidiyyatı qurumların günahı üzündən sürücülərə dəyən maddi zərərin həmin qurumlar tərəfindən ödənilməli olduğu qeyd edilib. Əgər hər hansı bir cinayət hadisəsi baş verərsə, səlahiyyətli şəxslər haqqında Cinayət Məcəlləsinin müvafiq bəndi ilə cinayət işi qaldırılmalıdır.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli isə saytımıza açıqlamasında vurğulayıb ki, respublika əhəmiyyətli Bakı – Quba – Rusiya Federasiyası avtomobil yolunda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yolun 102-113 km hissəsində təmir işləri aparılır: "Təmir işlər yaxın zamanlarda başa çatdırılması nəzərdə tutulub. Həmçinin qeyd etmək istəyirik ki, Bakıdan Quba istiqamətində yeni marşrut üzrə yol inşa olunur. Tikinti işlərinin 2020-ci ildə başa çatdırılaraq vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub. Öncədən yaradılmış narahatçılığa görə üzr istəyirik".