Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 1 iyun — Sputnik. “Ötən il Azərbaycanda uşaq əhalisinin 92,5 faizi icbari dispanserizasiya tədbirlərinə cəlb edilib”.
Bu barədə Sputnik Azərbaycan-a K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev məlumat verib. Baş pediatr qeyd edib ki, ötən il aparılan dispanserizasiya tədbirləri zamanı uşaqlarda müxtəlif xəstəliklər aşkarlanıb: “İcbari dispanserizasiya zamanı uşaqlarda qeydə alınan xəstəliklərin siyahısında ilk yerdə tənəffüs yolları xəstəlikləri dayanır. Bundan əlavə uşaqlarda qurd invaziyası, ağız boşluğunda kariyes,görmə problemləri də qeydə alınıb”.
N. Quliyev bildirib ki, ölkəmizdə uşaq əhalisinin icbari dispanserizasiya tədbirlərinə cəlb edilməsi prosesi bu il də davam etdirilir: “Statistik rəqəmlər də təsdiqləyir ki, Azərbaycanda 2,7 milyon uşaq əhalisinin əsas hissəsi icbari dispanserizasiyadan keçirilir. Çox az qisim uşaq bu tədbirdən kənarda qalır”.
Baş pediatr ölkəmizdə “Uşaqların icbari dispanserizasiyası haqqında" Qanunun 2013-cü ildən qəbul olunduğunu söyləyib: “Qanunun icrası məqsədi ilə prezidentin sərəncamı ilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” təsdiq edilib. 2014-cü ildən isə uşaqların icbari dispanserizasiyasına start verilib. Bu addımın əsas məqsədi uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq kompleks tibbi müayinələrdən keçirilməsi, erkən dövrdə aşkar olunan xəstəliklərin vaxtında müayinə və müalicəyə cəlb olunmasıdır. Artıq 6 ildir ki, yenidoğulan və 3 yaşına qədər olan uşaqlar ildə bir neçə dəfə, 3 yaşından böyük olan uşaqlar isə il ərzində kompleks tibbi müayinələrə cəlb olunurlar. Onların 18 yaşına qədər icbari dispanserizasiya tədbirləri davam etdirilir”.