BAKI, 31 may — Sputnik. Son günlərdə ölkənin Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində, həmçinin Bakıda və Abşeron yarımadasında yayılmış kəpənəklərin heç bir zərəri yoxdur, əksinə kənd təsərrüfatı üçün faydalı hesab olunur.
Bu barədə Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən məlumat verilib.
Şeytanqanqalı kəpənəyi adlandırılan və elmi adı “Vanessa cardui” olan bu kəpənəklərin bolluğu biomüxtəlifliyin zənginliyi, çiçəkli bitkilərin tozlanması, quşlar üçün isə yem ehtiyatıdır. Faydalı fitofaq olmaqla, əkin sahələri üçün təhlükəli alaq otu hesab edilən qanqalın başlıca növlərinə qarşı bioloji mübarizə vasitəsidir.
Şeytanqanqalı kəpənəyi alaq oltlarında - qanqal, gicitkən, dəvətikanı, türpəng kimi bitkilərdə tırtıl qoyaraq çoxalır və həmin bitkilərlə qidalanır. Aprel-may aylarında ölkədə aparılmış monitorinqlər nəticəsində bu il taxıl və digər əkin sahələrində şeytanqanqalı kəpənəyi tırtılı yayılmış həmin alaq otlarının zəif inkişaf etdiyi müşahidə edilib.
Şeytanqanqalı kəpənəyi ən çox Yaponiyada geniş yayılıb. Bəzi illərdə Rusiyada, Ukraynada, Belarusda, Moldovada, Qafqazda və Qazaxıstanda çox təsadüf edilir. Türkiyənin bütün bölgələrində rast gəlinir. Kütləvi çoxaldığı illərdə birinci nəslin kəpənəklərinin aktiv miqrasiya etmək xüsusiyyətləri var. Kəpənəklərin may ayından oktyabr ayına qədər uçuşları müşahidə edilir. Yaz fəslində kəpənəklərin uçuşu cənubdan şimala, payızda isə şimaldan cənuba doğru istiqamətlənir. Azərbaycanda yayılma səbəbi də məhz bu miqrasiya yolunun üzərində olmasıdır.