BAKI, 30 may — Sputnik. Türkiyə ABŞ istehsalı olan "F-35" qırıcılarını Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərinin əhatə dairəsindən kənarda yerləşdirəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Serdar Kalıç bildirib.
"S-400" və "F-35"-lər Türkiyənin iki konkret vilayətində yerləşdiriləcək və "F-35"lər "S-400"lərin əhatə dairəsindən kənarda qalacaq" - deyə diplomat Vaşinqtonda Milli mətbuat klubunda çıxışı zamanı qeyd edib.
O, vurğulayıb ki, ABŞ tərəfindən İsrailə təqdim olunan"F-35"-lər müntəzəm olaraq "S-400"-lərin yerləşdiyi Suriya hava məkanında uçuşlar həyata keçirir. Lakin bu Birləşmiş Ştatların narahatlığına səbəb olmur.
"Məhz "S-400"-lərın beşinci nəsil ABŞ istehsalı olan təyyarələri izləyə biləcək arqumenti” ABŞ-ın əsas gətirdiyi əsas məsələdir" - deyə Kalış qeyd edib.
Səfir eyni zamanda qeyd edib ki, Rusiya zenit-raket komplekslərini yalnız Türkiyə hərbçiləri idarə edəcək.
Xatırladaq ki, mayın 23-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaranı Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edib.
O, əlavə edib ki, "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.
Qeyd edək ki, mayın 22-də ABŞ-ın "CNBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.
Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.