BAKI, 28 may — Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın günlərdə Azərbaycana səfər edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Seyid Abbas Musəvi bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.
Musəvi bildirib ki, İran Azərbaycan ilə yaxın qonşu və dost dövlətdir. Rəsmi Tehran Bakı ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. O, qeyd edib ki, Zərifin Azərbaycana səfəri region dövlətlərinə etdiyi səfərlərin davamı olacaq. İran xarici siyasət kursunda region ölkələri ilə ikitərəfli münasibətlərin inkişafını hər zaman diqqətə saxlayır.
Departament rəhbəri onu da vurğulayıb ki, səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə iqtisadi, siyasi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.