Iradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 27 may — Sputnik. Bir neçə gün əvvəl Prezident İlham Əliyev "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, dilşünas, ədəbiyyatşünas, yazar, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla da Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Xalq yazıçısı" fəxri adına layiq görülüb.
Kamal Abdulla yaradıcılığı çoxşaxəlidir. Onun pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və bir çox dillərdə və ölkələrdƏ çap edilib.
Yazıçının "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox..." romanları var. "Yarımçıq əlyazma" romanının bəzi ölkələrdə (Rusiya, Fransa, Türkiyə, İtaliya) təkrar nəşri həyata keçirilib.
Sən çətin tapasan axtardığını,
Sən axtardığını itirməyiblər
- deyən Kamal Abdulla yaradıcılığında hər bir insan itirdiklərindən nəsə tapa bilir....
- Kamal müəllim, dövlət başçısı bir qrup qələm əhlini mükafatlandırdı. Mükafatlandırılanlardan biri də Sizsiniz.
- Mən cənab prezidentə təşəkkürümü bildirirəm. Bu o deməkdir ki, cənab prezident hər bir vətəndaşının ürəyində olan hisslərdən xəbərdardır. O hisslərin səmimiliyindən, insanın çalışma, işləmə arzusundan, çalışmalarını həyata keçirmə qabiliyyətindən xəbərdardır. Mən dövlət müşaviri işlədiyim zaman dövlət başçımızın tövsiyyələrindən çox şey öyrənmişəm. Və bu gün də onun tövsiyyələrini həyata keçirməklə məşğulam. Dillər Universitetində, başqa qurumlarda Azərbaycan multikulturalizminin təbliği işi ilə məşğulam. Mənə elə gəlir ki, bu ad mənə çox səxavətlə verilmiş şərəfli bir addır. Çalışacağam ki, bunu bütün məsuliyyətimlə daşıya bilim.
Qeyd edim ki, ölkə başçısının fəaliyyəti, qurumları, şəxsləri təltif etməsi, diqqət yetirməsi ürək oxşayan haldır. Ölkə başçısı Azərbaycan üçün fədakarcasına çəkdiyi zəhmətin müqabilində mənim və mənim yoldaşlarımın yaradıcılığına diqqət yetiribsə, buna görə ancaq təşəkkür və minnətdarlıq hisslərimi bildirə bilərəm. Çox həyəcanlandım. Gözlənilməz oldu.
Azərbaycan ədəbiyyatının inkişafı naminə görülən işlərdə mənim də kiçik bir xidmətim varsa, mən özümü xoşbəxt sayıram. Çox xoşbəxtəm ki, mənim bu xidmətimi cənab prezident də dəyərləndirdi.
- Müxtəlif zamanlarda müxtəlif vəzifələrdə çalışmısınız. Amma Dillər Universitetinə gəldikdən sonra cəmiyyətdə belə bir fikir yarandı – "Kamal müəllim universiteti diriltdi".
- Diriltmək yox... Vəziyyət elə deyildi ki, mən dirildəydim. Amma hər halda əlimdən gələni etməyə çalışıram. Və bunu tələbələr bilirsə, bu mənim üçün çox böyük bir xoşbəxtlikdir. Yəni hər edilən iş, atılan addımın tələbələr tərəfindən qiymətləndirilməsi son dərəcə sevindiricidir.
Tələbə gözü dəqiqdir, tərəzi kimidir. Mən sevinirəm ki, belə qiymətləndirirlər. Amma bu qədər də abartmayaq.
- Səhv etmirəmsə, siz Slavyan Universitetində rektor kimi fəaliyyətdə olduğunuz zaman Rusiya prezidenti Vladimir Putin universitetin fəxri doktoru adına layiq görülüb?
- Bu, çox möhtəşəm bir tədbir idi. Bu tədbirin əsas təşkilatçısı və ruh verici ulu öndər Heydər Əliyev idi. Heydər Əliyevə hörmət əlaməti olaraq, V.Putin prezident seçiləndən sonra ilk rəsmi dövlət səfərini Azərbaycana etmişdi. Bu tədbir 2001-ci ildə baş tutmuşdu. Mən o dövrdə yeni rektor seçilmişdim. Slavyan Universitetinin elmi şurası qərar çıxardı ki, V.Putinə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilsin. Mən o adı Rusiya prezidentinə təqdim etdim. Onun H. Əliyevə olan səmimiyyəti hiss olunurdu. Ulu öndər də o tədbirdə iştirak edirdi. Rusiya prezidenti Azərbaycan haqqında çox gözəl və mənalı sözlər dedi. Bu görüş bizim xatirimizdən çıxmayacaq.
- Kamal müəllim, görürəm görüşlər, iclaslar ard-arda davam edir. Yaradıcılığa ayırmağa vaxtınız olurmu?
- Niyə olmur ki? Yaradıcılıq elə bir işdir ki, vaxt istəmir. Harada oldu, gələ bilər. Mən artıq yeni bir romanımı tamamlamışam. Roman hissə-hissə "Ədəbiyyat" qəzetində çap olunur.
"Sirlərin sərgüzəşti" adlanan roman üzərində cilalama işləri gedir. Və yəqin ki, yaxın günlərdə belə bir kitabla da oxucuların görüşünə gələ biləcəyəm.