BAKI, 25 may — Sputnik. NATO-nun yenilənmiş strategiyası Hərbi Komitə tərəfindən təsdiqlənib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Hərbi Komitə - NATO-nun Ali hərbi orqanıdır. Bu həftə Komitə qərargah rəisləri səviyyəsində qapalı iclas keçirib. Qərargah rəisləri yeni strategiyanı təsdiqləyiblər.
Lakin onun konkret istiqamətləri açıqlanmır. Çünki bu, qapalı sənəddir. Məlumata əsasən, strategiya Alyansın daha da qəlizləşən təhlükəsizlik çağırışlarına adaptasiya olunmağa yönəlib.
Xatırladaq ki, daha əvvəl Almaniyanın "Welt am Sonntag" nəşrinə müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq bildirmişdi ki, NATO Rusiya tərəfdən nüvə təhdidi ilə bağlı yeni hərbi strategiya qəbul edəcək.
"Bu həftə bizim hərbi ekspertlər Alyans üçün yeni hərbi strategiyanın tətbiq edilməsi haqqında qərar qəbul ediblər" - deyə o, qeyd edib.
Stoltenberqin sözlərinə görə, bu addıma səbəb Rusiya tərəfindən Qərb ölkələrinin ünvanına mümkün nüvə təhdididir: "Bundan əlavə, alyans Şərqdə və Cənubda yeni çağırışlarla qarşılaşır. Söhbət gələcəkdə də, tamamilə, müdafiəyə hazır olmaqdan və sabitliyi təmin etməkdən gedir. Bu isə öz növbəsində yeni hərbi konsepsiyaları tələb edir".