BAKI, 25 may — Sputnik. NATO Rusiya tərəfdən nüvə təhdidi ilə bağlı yeni hərbi strategiya qəbul edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Almaniyanın "Welt am Sonntag" nəşrinə müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
"Bu həftə bizim hərbi ekspertlər Alyans üçün yeni hərbi strategiyanın tətbiq edilməsi haqqında qərar qəbul ediblər" - deyə o qeyd edib.
Stoltenberqin sözlərinə görə, bu addıma səbəb Rusiya tərəfindən Qərb ölkələrinin ünvanına mümkün nüvə təhdididir: "Bundan əlavə, alyans Şərqdə və Cənubda yeni çağırışlarla qarşılaşır. Söhbət gələcəkdə də, tamamilə, müdafiəyə hazır olmaqdan və sabitliyi təmin etməkdən gedir. Bu isə öz növbəsində yeni hərbi konsepsiyaları tələb edir".