BAKI, 25 may — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Şabot (Steve Chabot, Respublikaçı, Ohayo ştatı) Konqresin Azərbaycan üzrə İşçi Qrupunun üzvü qismində 23 may 2019-cu il tarixli iclasda bəyanatla çıxış edərək Azərbaycan Respublikasının 101 illik yubileyi münasibətilə öz təbliklərini çatdırıb.
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bəyanatda, Respublika Günü kimi qeyd olunan bu əhəmiyyətli tarixin müsəlman dünyasında ilk parlament demokratiyasının yaranması ilə əlamətdar olduğu diqqətə çatdırılır. Sovetlərin Azərbaycanı işğalı ilə bu müstəqilliyin qısa müddət davam etməsinə görə təəssüf ifadə olunur.
Habelə, bir çox azərbaycanlının 1920-ci ildə müstəqilliyin qorunması uğrunda həlak olduğu, SSRİ idarəçiliyindən sonra Azərbaycanın bir daha 1991-ci ildə öz müstəqilliyini əldə etdiyi barədə məlumat verilir.
Müstəqillik elan olunduqdan sonra, bu strateji vacib bölgədə Azərbaycanın ABŞ-ın əsas müttəfiqinə çevrildiyi bəyanatda qeyd olunur. Müsəlman əhalinin çoxluq təşkil etdiyi bu dünyəvi ölkənin minilliklər boyu burada yaşayan xristian və yəhudi icmalarının evi olduğu bildirilir.
Azərbaycanın NATO-nun Əfqanıstandakı əməliyyatlarına əhəmiyyətli dəstək verməkdə davam etdiyi, xüsusilə Koalisiya qüvvələrinə təchizatın çatdırılmasına imkan yaratdığı təqdir olunur. Azərbaycanın olduqca çətin qonşuluqda ABŞ-ın kütləvi qırğın silahlarının yayılmaması səylərinə mühüm dəstək verdiyi, ABŞ-ın bölgədəki maraqlarını nəzərə alaraq, Azərbaycanın ABŞ-ın Avropa müttəfiqlərinin və İsrailin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verilməklə vacib rol oynadığı, bu xüsusda, İsrailin neft ehtiyaclarının təqribən 40%-in Azərbaycan tərəfindən qarşılanmasının təqdirəlayiq olduğu vurğulanır.
ABŞ-ın Azərbaycana dəstək verməsinin, sınaqdan çıxmış tərəfdaş kimi Azərbaycanın müstəqilliyinin gücləndirilməsi istiqamətində onunla işləməsinin zəruri olduğu bəyanatda diqqətə çatdırılır.