Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 25 may — Sputnik. "Azərbaycan Arıçılar Assosiasiyası balın idxal rüsumunun artırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət hazırlayacaq". Bunu bu barədə mətbuata açıqlamasında Assosiasiya sədri Bədrəddin Həsrətov deyib.
O bildirib ki, idxal rüsumunun artırılmasında məqsəd bazarı qorumaqdır: "Daxili bazarı qoruya bilmirik. 2-3 manata satılan bal ölkədə geniş yayılıb. Bu qiymətə satılan balın tərkibi ilə bağlı bizdə şübhə var. Bu, arıçılığın inkişafına böyük zərbə vura bilər".
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a şərhində idxal rüsumun artırılması məsələsindən, arıçılığı inkişaf etdirmək üçün kompleks tədbirlərin həyata keçirilməsindən danışıb. O bildirib ki, daxili bazarı qorumaq üçün balın idxal rüsumunun artırılması alətlərdən biridir.
"Balın idxal rüsumu müvəqqəti olaraq artırıla bilər, amma bu, çıxış yolu deyil. Daxili bazarı qorusaq, bu, istehlakçı qabiliyyətinin artmasına təsir edə biləcəkmi?! Azərbaycanda arıçılığı inkişaf etdirmək üçün kompleks tədbirlər həyata keçirilməlidir. Arıçılıq məhsulları bizdə ona görə zəif satılır ki, balın maya dəyəri baha başa gəlir. Hamı bal yemək istəyir, amma balın qiyməti bizim imkanlarımıza uyğun deyil" - ekspert bildirib.
Onun fikrincə, arıçılıq ləvazimatlarının ölkədə istehsalına nail olmaq lazımdır: "Bizdə balın maya dəyərini bahalaşdıran faktorlardan biri arıçılıq üçün ləvazimatın və dərmanların xaricdən gətirilməsidir. Digər tərəfdən, bizdə arıçılıq üzrə ixtisaslaşmış baytar həkim, zootexnik olmadığına görə, arıxanalarda obyektiv və subyektiv səbəblərdən kütləvi ölümlər olur və arıxanalarda məhsuldarlıq aşağı düşür. Hazırda arıçılıqla məşğul olanların 90 faizi qeyri-peşə sahibləridir və onlar arıçılığa həvəs kimi baxırlar, bir peşə kimi baxmırlar. Burada ixtisaslaşmaya ehtiyac var".
Nəsirlinin sözlərinə görə, bizdə sırf bal məhsulları üzrə ixtisaslaşmış böyük laboratoriya yoxdur: "Balın 3-4 mərhələdə laboratoriya analizi aparılır. Balın tərkibini bilmək üçün laboratoriya analizi aparılmalıdır ki, bu da vacib istiqamətlərdən biridir. Bundan başqa, bizdə arıçılıqda qablaşdırma, marketinq, demək olar ki, yox səviyyəsindədir. Bir çox hallarda görürük ki, keyfiyyətsiz bal təkcə xaricdən gəlmir, bizdə də keyfiyyətsiz yerli bal istehsal edilir".
"Bu gün balın qiyməti istehlakçının cibinə uyğun deyil. Kifayət qədər obyektiv və subyektiv səbəbdən balın qiymətini qaldırırlar. Amma Kənd Təsərrüfatı Nazirliyi hər il bal yarmarkası keçirir, arıçılığa dəstək verir ki, nəticədə arıçılıq məhsulları əhali üçün əlçatan olsun" - deyə ekspert qeyd edib.
Qeyd edək ki, Azərbaycana gətirilən təbii bala tətbiq olunan gömrük idxal vergisi 10 faiz təşkil edir. Ötən il Azərbaycanda 3 min tondan çox bal istehsal olunub. Bu il isə 5 min tondan çox gözlənilir.
Onu da xatırladaq ki, ötən ilin sentyabrında Nazirlər Kabineti "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası"nı təsdiqləyib. Bu qərar 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədə olacaq. Bu qayda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi qaydasını müəyyən edir.