BAKI, 24 may — Sputnik. Rusiyada fəaliyyət göstərən "Ford Sollers" birgə müəssisəsinin prezidenti və baş direktoru, Azərbaycan əsilli Adil Şirinov "Sollers" şirkətinin əsas aktivi olan Ulyanovsk Avtomobil Zavodunun (UAZ) Baş direktoru təyin olunub. O, bu vəzifədə "Sollers"in əsas sahibi və Baş direktoru Vadim Şvetsovu əvəz edib.
Şirinov, həmçinin "Ford Sollers" BM-nin də rəhbərliyində qalacağını bildirib.
Şvetsov isə A.Şirinovu "Rusiya avtomobil sektorunda ən səriştəli mütəxəssislərdən biri" kimi dəyərləndirib.
Bəs UAZ-ın Baş direktoru təyin edilən Adil Şirinov kimdir?
Adil Şamil oğlu Şirinov 1964-cü ildə Bakıda anadan olub. O, ingilis, rus, ispan və türk dillərini bilir. O, 1990-cı ildə Nijeqorod Xarici Dillər Universitetində bakalavr təhsil alıb. Daha sonra Sankt-Peterburqda Beynəlxalq Menecment İnstitutunda magistr təhsili alıb.
Adil Şirinov 1990-cı ildən avtomobil sənayesindədir. "RusPromAvto" şirkətindən Baş direktorun müavini işləyib. 1999-2002-ci illərdə "Ford Motor" şirkətində işləyib. O, Vsevolojskda sənaye zonasının yaradılması üzrə layihəyə götürülən ilk adam olub.
Son illər Şirinov "Ford Sollers" birgə müəssisəsinin biznesin sabitləşməsi üzrə aparıcı layihələrinə rəhbərlik edib. O, "Ford" şirkətinin Rusiyada lokallaşdırılmasında və istehsal meydanlarının yaradılmasına böyük töhfə verib.
Şirinov eyni zamanda "Sollers" şirkətinin Baş direktorunun müavini və kommersiya üzrə direktoru olub və tərəfdaşlarla olan bütün kommersiya danışıqları aparıb.
Qeyd edək ki, "Ford Sollers" şirkətinə üç avtozavod daxildir. Ümumilikdə şirkət Rusiyadakı layihələrə təxminən 1,5 milyard dollar investisiya edib.