Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 24 may — Sputnik. Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında, təklif edilən dəyişikliyə münasibət bildirib.
Ekspert deyib ki, reallıq və çoxsaylı müraciətlər nəzərə alınaraq bu təklif irəli sürülüb: "Bunun əsas məqsədi miqrantların məhz o səpkidə icazə ilə ölkə ərazisində yaşamasına şərait yaratmaq və eyni zamanda ölkə iqtisadiyyatına töhfə verməkdir. Bir çox ölkələrdə bu təcrübədən geniş istifadə olunur. Bunlar Məcəllənin təkmilləşdirilməsi istiqamətində çoxsaylı müraciətlər əsasında, reallıq nəzərə alınmaqla irəli sürülən təkliflərdir. Miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi ölkə ərazisində miqrasiya proseslərinin məhz effektiv şəkildə idarə olunmasına, ölkənin maraqlarının təmin olunmasına yönəlib".
"Miqrasiya Məcəlləsinin mövcud 45-ci maddəsinə görə Azərbaycan ərazisində azı 100 min manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan banklarında həmin məbləğdə pul vəsaiti olduqda, ölkə iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya qoyduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Mövcud Məcəllədə bu hallar da öz əksini tapıb", – deyə o bildirib.
Onun sözlərinə görə, çoxsaylı müraciətlər olarsa, günün reallığı nəzərə alınmaqla 45-ci maddəyə yeni hallar əlavə edilə bilər.
Qeyd edək ki, 45-ci maddəyə təklif edilən dəyişikliyə əsasən, banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.