BAKI, 24 may — Sputnik. Paytaxtın Binəqədi rayonunda ölüm hadisəsi baş verib. Sputnik Azərbaycan oxu.az-a məlumatına görə, mayın 23-dən 24-nə keçən gecə Bakının Binəqədi rayonunda müəmmalı qətl hadisəsi törədilib. Yuxuda olan kişinin boğazını kəsiblər.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayət qurbanı Müşfiq qəsəbə sakini, 59 yaşlı Xələfov Şamil Şəristan oğludur. Məlumata görə, kişiyə yeddi bıçaq zərbəsi endirilib. Xəsarətlərin çoxu deşici olub.
Maraqlıdır ki, cinayət törədildiyi vaxt, təxminən gecə saat 02:00 radələrində Xələfovlar ailəsinin bütün üzvləri evdə olub. Hətta böyük oğlu onunla bir otaqda yatıb. Ancaq ilkin dindirilməsi zamanı gənc bərk yatdığını və atasının kim tərəfindən və necə qətlə yetirdiyini görmədiyini bildirib.
O, atasının xırıltı səslərinə oynadığını söyləyib, lakin həmin vaxt otaqda artıq heç kim olmayıb.
Hüquq-mühafizə orqanları əsas versiyalardan biri kimi qətlin tamah məqsədilə törədildiyini ehtimal edir. Ancaq Xələfovların evindən hər hansı qiymətli əşyanın yoxa çıxmasına dair məlumat yoxdur.
İkinci versiya qətldə ailə üzvlərinin əlinin olmasıdır. Hazırda əsas şübhəlilər məhz onunla bir evdə yaşayan ailə üzvləridir. Fakt üzrə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, təcili tibbi yardım briqadası hadisə yerinə çağırılanda artıq vətəndaş ölübmüş: “Hadisə yerinə çağırılan təcili yardım briqadasının həkimlərinə ölüm faktını təsdiqləməkdən başqa bir şey qalmayıb”.
Ağır cinayət hadisəsinin kim tərəfindən törədildiyi məlum deyil.
Binəqədi rayon prokurorluğunda 1959-cu il təvəllüdlü Şamil Xələfovun bıçaqlanaraq öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə Bakı şəhər prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Polis və prokurorluq əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxs (və ya şəxslərin) dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.