BAKI, 23 may — Sputnik. "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin bəzilərinin Azərbaycanla silahlara dair razılaşmaları Ermənistanı narahat edir". Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Bişkekdə KTMT-ya üzv ölkələrin Xarici İşlər Nazirlərinin iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu amil həm təşkilatın nüfuzuna, həm də əməkdaşlıq ruhuna mənfi təsir edir.
Nazir ümid edir ki, Ermənistanın bu narahatlığı eşidiləcək.
Qarabağ üzrə danışıqlar prosesi barədə məlumat verən Mnatsakanyan, münaqişənin sülh yolu ilə həllinə yardım edəcək mühitin yaradılması üzrə əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, hazırda KTMT-ya altı ölkə üzvdür: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan.