BAKI, 23 may — Sputnik. Kreml Birləşmiş Ştatların Türkiyəyə "S-400"-lərllə bağlı tələbi də daxil olmaqla bütün ultimatumlara kəskin şəkildə neqativ yanaşır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ümumilikdə, biz kəskin şəkildə neqativ yanaşırıq. Biz bu növ ultimatumların yolverilməz olduğunu düşünürük" - deyə Peskov ABŞ-ın Türkiyəyə ultimatum verməsinə dair məlumatı şərh edərkən deyib.
Qeyd edək ki, daha əvvəl CNBC telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.
Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etmək ilə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.