BAKI, 23 may — Sputnik. Rəsmi Vaşinqton Ankaranı Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.
O əlavə edib ki, "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.
Qeyd edək ki, ötən gün ABŞ-ın "CNBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.
Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.