BAKI, 22 may — Sputnik. Bu gün Beynəlxalq Diaspor Mərkəzi və İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşəbbüsü ilə azərbaycanlı jurnalist Fuad Abbasova qarşı Moskva şəhərində törədilmiş olaylarla bağlı mətbuat konfransı keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Fuad Abbasovun müdafiəsi üçün görüləcək işlərdən danışılıb. Bildirilib ki, bunun üçün Azərbaycan və Rusiyanın Xarici İşlər Nazirliklərinə, Rusiyanın dövlət başçısı Vladimir Putinə, Rusiyanın Ombudsmanına müraicət ediləcək.
Tədbirdə çıxış edən F.Abbasovun anası Billur Abbasova oğlunun həyatından danışıb: "Fuad 1976-cı ildə doğulub. O, 3 qızın bir qardaşı olsa da, mən heç zaman 1 oğlum, 3 qızım var deməmişəm. Hər zaman demişəm ki, 4 övladım var. Amma indi deyirəm ki, Fuad tək mənim yox, sizin, elin oğludur. Fuadın haqq səsi boğularsa, onun başı əyilərsə, hamımızın başı əyilər".