Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 22 may — Sputnik. Gənc azərbaycanlı ifaçı Rəsul Əfəndiyev onun xalq artisti Aygün Kazımova ilə evlənməyə hazırlaşdığı barədə xəbərlərə münasibətini bildirib.
Əfəndiyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, həmkarı ilə duet oxuyandan sonra onların arasında sevgi münasibətlərinin olduğu barədə söhbətlərin yayılacağını gözləmirmiş. Qeyd edək ki, yerli KİV-lər Aygün Kazımovanın gənc həmkarı ilə nişanlandığı və sentyabrda onların toyunun olacağı barədə informasiya yayıblar.
"Bütün bunlar yalandır. Heç bir toy olmayacaq, biz sadəcə həmkarıq, başqa heç nə. Əgər mən kiminləsə duet oxuyuramsa, bu o demək deyil ki, onunla sevgiliyəm. Bizi Aygün Kazımova ilə yalnız yaradıcılıq bağlayır. Başa düşmürəm ki, niyə jurnalistlər belə yalan xəbərləri yayırlar" – deyə Əfəndiyev bildirib.
Müğənni yaxın vaxtlarda Kazımova ilə iki yeni duetini təqdim etmək fikrindədir. Onun sözlərinə görə, mahnılar artıq hazırdır. Buna qədər isə onlar "Dola mənə qolunu" duetini oxumuşdular.
Aygün Kazımova Azərbaycan pop müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.