İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 21 may — Sputnik. İki gündür davam edən güclü yağış və qasırğa Qəbələ rayonunda bir sıra fəsadlara yol açıb. Rayon mərkəzi və kəndlərində qasırğa nəticəsində ağaclar qırılıb, asfalt örtüyü sıradan çıxıb, bir sıra evlərə və şəxsi təsərrüfata ciddi maddi zərər dəyib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, güclü külək nəticəsində əkin sahələri, eləcə də meyvə bağlarına ciddi ziyan dəyib. Bir çox ağacların budaqları sınıb. Rayon üzrə ümumilikdə yol kənarında və şəxsi təsərrüfatda 250-yə yaxın ağac aşıb.
Bundan başqa, dünən gecə saatlarından başlayan intensiv yağış və güclü küləklə müşayiət olunan dolu Oğuz, İsmayıllı, Göyçay rayonlarında elektrik naqillərini sıradan çıxarıb. Elektrik enerjisinin verilməsində bəzi ərazilərdə fasilələr əmələ gəlib.
Güclü külək İsmayıllıda da meşədə ağaclara ziyan vurub. Baş vermiş güclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb.