BAKI, 18 may — Sputnik. Böyük Britaniya, ikili vətəndaşlığı olan və Birləşmiş Krallıq hökuməti ilə əlaqəli təşkilatlar üçün işləyən İran vətəndaşlarına xəbərdarlıq edib.
Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi (XİN) İrana səfər ilə bağlı həmin vətəndaşlara xəbərdarlıq edib və onları İrana səfər etməməyə çağırıb.
XİN-dən bildirilib ki, İran hökuməti tərəfindən ikili vətəndaşlığı və Britaniyadakı qurumlarla əlaqəsi olan İran vətəndaşlarının həbsi və onlara qarşı pis rəftarları davam edir. Ona görə də İrana səfər ilə bağlı xəbərdarlıq qərarı verilib.
Açıqlamada qeyd edilir ki, Britaniya vətəndaşları, xüsusilə də ikili vətəndaşlar İranda bir çox ölkənin vətəndaşlarından daha çox həbs və pis rəftar riski ilə üzləşirlər. İranın təhlükəsizlik orqanları Britaniya təşkilatları ilə əlaqəsi olan şəxslərdən də şübhələnə bilər.
Böyük Britaniyanın XİN rəhbəri Ceremi Hunt da ikili vətəndaşların İrana səfəri zamanı pis davranış riski ilə qarşı-qarşıya qalacaqlarını müdafiə edib: "Britaniya dəfələrlə problemi həll etmək üçün çalışsa da, İran rejiminin davranışları daha da pisləşib. Hazırda bütün variantlar tükənib, ona görə də bütün ikili vətəndaşlara İrana səfər etməməyi məsləhət görürəm".
İran hökuməti "British Council"da çalışan bir iranlını casusluq ittihamı ilə 10 il həbsə məhkum edib. Bu hadisədən sonra Britaniya İrana səfər ilə bağlı xəbərdarlıq edib.
Rəsmi London həmçinin, 2016-cı ildə tutulan və 5 il həbs cəzasına məhkum olan İran əsilli Britaniya vətəndaşı Nazanin Zaghari-Ratcliffenin də azad edilməsinə çalışır.