BAKI, 17 may — Sputnik. "Bank of Baku"nun Xalq artisti, tanınmış müğənni Zülfiyyə Xanbabayevanı məhkəməyə verməsi ilə bağlı mediada yayılan xəbərlərə qarşı tərəf də münasibət bildirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda adıçəkilən bankın İctimaiyyətlə əlaqələr və reklam departamentinin rəhbəri Gülşən Cumayeva öz "Facebook" profilində məlumat paylaşıb.
"Müğənninin evinin əlindən alması ilə bağlı yayılmış xəbər həqiqəti əks etdirmir. Xəbərdə qeyd edilən iddialar heç bir əsası olmayan, tamamilə yanlış məlumatdır. Zülfiyyə xanımın bankımızda heç bir kredit öhdəliyi yoxdur" - Cumayeva bildirib.
"Yanlış xəbəri tirajlayan media nümayəndələrindən məlumatı təkzib etmələri və bu kimi məlumatları yaymazdan öncə daha diqqətli olmaları, məsul şəxslərlə əlaqə saxlayıb dəqiqləşdirmə aparmaları xahiş olunur" - deyə bank rəsmisi əlavə edib.