BAKI, 17 may — Sputnik. Azərbaycanda ekologiya sahəsinə aid yeni qeyri-hökumət təşkilatı yaradılıb. Yeni təşkilat "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi adlanır. İB-nin Təşkilat Komitəsinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, qurumun təsis toplantısında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov, "İbn Sina" Təlim Tədris mərkəzinin rəhbəri Əfqan İsmayılov, 117 saylı orta məktəbin müəllimi Kamal Hacıyev, "Cümhuriyət" qəzetinin redaktoru, jurnalist Elman Cəfərli, sahibkar Şamxal Muradov, Xətai rayonu N.Tusi küçəsinin sakinləri Mirəli Mirsucayev, Şahin İsayev və digər şəxslər iştirak edib.
İctimai Birliyin Təşkilat Komitəsinin sədri jurnalist Elman Cəfərlidir. E.Cəfərli toplantıda bildirib ki, "Yaşıl Dünya"nın məqsədi Bakı şəhərində və ümumilikdə ölkə ərazisində ekoloji problemlərin öyrənilməsi, yaşıllıqların qorunmasında vətəndaş təşəbbüslərinə dəstək verilməsi, bəzi işbazların həyata keçirdiyi "yaşıl soyqırıma" qarşı ictimai müqavimətin təşkil edilməsidir.
İctimai Birlik ətraf mühitin qorunması sahəsində tədqiqatların aparılmasına kömək edəcək, onun mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə təklif və dəstək verəcək, ekoloji problemlərin həllində xarici ölkələrin müsbət təcrübəsini öyrənəcək. "Yaşıl Dünya" həmçinin aktual ekoloji problemlərlə bağlı ictimai müzakirələr təşkil edəcək və bu sahədə araşdırmalar aparacaq.