Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 15 may — Sputnik. Teatrlar mədəniyyətin məbədi sayılır. Burada əsrlərdən süzülüb gələn sənət canlı şəkildə tamaşaçıya təqdim olunur. Tamaşaçı səhnədə baş verənlərə ruhən toxunur, aktyorların isti nəfəsini hiss edib zövq alır. Ən əsası isə hadisələrə canlı şahidlik edir, tamaşada baş verən hadisələrin içinə daxil olur, aktyorlarla birlikdə o hissləri yaşayır.
Amma tamaşaçı həmişə tamaşanın hazır versiyasını görür, kulisdə nələr baş verdiyindən xəbərsiz qalır. Sputnik Azərbaycan-ın əməkdaşları olaraq teatr divarlarının nəfəsini hiss etmək, kulis arxasında nələrin yaşandığından agah olmaq məqsədilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına qonaq getdik.
Var gücümüzü sərf edərək əzəmətli binanın ağır qapılarını güclə açıb içəri daxil olduqdan sonra uzun pilləkənlərlə sehrli aləmə düşdük. Teatrda uşaqlar üçün rus dilində “Qırmızı papaq” tamaşasının məşqləri gedirdi. Yeri gəlmişkən, “Qırmızı papaq” tamaşasının premyerası mayın 15-də baş tutub.
Zala daxil olaraq məşq prosesini izləməyə başladıq. Aktyorlar həmişə adət etdiyimiz kimi - obraza uyğun xüsusi geyimli, qrimli deyildilər. Bu dəfə rahat geyimdə, adi saç düzümündə və qrimsiz məşq edirdilər. Belə bir səhnəni görmək, əlbəttə ki, çox maraqlı idi.
Maraqlı olan həm də aktyor-rejissor münasibəti idi. Belə ki, aktyorlar kiçik səhv edən kimi rejissor onları dayandırır, öz fikrini bildirirdi. Kiçik müzakirədən sonra məşqə davam edirdilər. Etiraf edək ki, məşq prosesi də tamaşa qədər maraqlı idi. Məşq prosesində diqqətimizi həm də aktyorların işlərinə olan böyük sevgisi cəlb etdi. Onlar özlərini sanki məşqdə deyil, tamaşaçı qarşısında hiss edir, bütün enerjiləri ilə rollarını oynayırdılar.
Aşağıda isə canlı orkestrin ifasındakı musiqi insanın ruhuna bir ayrı rahatlıq verirdi. Hətta tamaşada rol almayan bəzi aktyorların məşqləri izləməsi də diqqətimizdən yayınmadı.
“Qırmızı papaq” tamaşasının premyerasına az qaldığı üçün məşqlər tam sürətlə davam edirdi. Hətta rejissor aktyorlara bir qədər dincəlmək üçün zaman ayıranda belə, aktyorlar uzağa getmədilər. Bəziləri tərlərini silmək üçün qrim otağına yollansalar da, o biriləri səhnədən düşərək öz iş yoldaşları ilə tamaşanı müzakirə edirdilər.
Teatrın yaradıcı kollektivinə mane olmamaq və teatrın digər köşələrini də görmək üçün məşq gedən zalı tərk etdik. Hər bir aktyor üçün məbədgah sayılan, tamaşaçı üçün isə sirr olaraq qalan qrim otağına yollandıq. İstənilən məbədə daxil olmaq üçün həmişə icazə lazımdır. Biz də aktyorlardan icazə alaraq onların “məbədinə” daxil olduq. “Qırmızı papaq” tamaşasında rol alan aktrisa Svetlana Bulax məşqlər arasındakı qısa fasilədən istifadə edərək, otaqda dincəlirdi. Bizi gülərüzlə qarşılayan aktrisa marağımızı nəzərə alıb, qısa da olsa, qrim prosesi barədə məlumat verdi: “Qrim otağında aktyorlar obrazlarına uyğun kostyumlarını geyinir və qrimlənirlər. Qrimi bəzən aktyorlar özləri, bəzən isə qrim ustaları edir, oynadıqları obraza bənzədirlər”.
Svetlana xanım deyir ki, qrim otağı aktyoru real həyatından qoparıb, obrazın həyatını yaşamağa vadar edən sehrli otaqdır. Aktyorlar məişət problemlərini məhz o otaqda qoyub, tamaşaçılarla obrazların dili ilə görüşə gəlirlər.
Svetlana Bulaxa uğurlar arzulayıb yolumuzu davam etdirdik.
Sehrli otaqdan çıxıb, tarixə şahidlik edən, onlarla korifey sənətkarın bir zamanlar addımladığı dəhlizlə irəliləyib, bu dəfə qrim sexinə üz tutduq. Sexin ustası Aybəniz Hüseynova bizə tamaşalara hazırladıqları qrimlərdən danışdı. Öyrəndik ki, burada tamaşalarda istifadə olunan bığ, saqqal, pariklər hazırlanır və saxlanılır.
A.Hüseynova onu da bildirdi ki, tamaşalar üçün bığ, saqqal və parik hazırlanmaqla yanaşı, həm də hazır alınır: “Elə pariklər var ki, onlara qulaqlar tikirik. Yəni hazır məhsul olsa belə, onun da üzərində işləyirik. Bığ və saqqal xüsusi yapışqanla yapışdırılır. İstifadə ediləndən sonra yapışqan spirtlə təmizlənir və növbəti dəfə istifadə üçün saxlanılır. Nə qədər səliqəli işlətsək, onlardan o qədər çox istifadə etmək olar”.
Etiraf edək ki, otaqdakı pariklər, saqqallar və bığlar bir yerdə çox vahiməli görünürdü. Bu vahimədən tez “xilas olmaq üçün” üz tutduq növbəti məkana - dərzi sexinə. Burada isə tam sürətlə iş gedirdi. Yeni tamaşalar üçün kostyumlar tikilirdi.
Növbəti ziyarət etdiyimiz məkan isə geyim sexi oldu. Burada tamaşalarda aktyorların geyindikləri geyimlər qorunub-saxlanılır. Geyim sexinin rəhbəri Aynişan Məmmədova orada saxlanılan geyimlər barədə danışır: “Afaq Bəşirqızı, İlham Namiq Kamal və bir neçə aktyor var ki, onların bütün tamaşalarda oynadıqları geyimləri bir yerdə saxlayırıq. Qalan geyimlər isə tamaşalara görə bölünür. Məsələn, “Buratino”, “Balaca şəhzadə”, “Hacı Qara” tamaşasının geyimləri ard-arda asılır”.
Aynişan Məmmədova onu da əlavə etdi ki, geyimlər arasında ən çox istifadə olunan və ən köhnə geyim Hacıbaba Bağırovun “O olmasın, bu olsun” tamaşasında Məşədi İbad obrazını oynayan zaman geyindiyi kostyumdur: “Həmin geyim 1998-ci ildə tikilib və burada saxlanılır. Eyni zamanda, “O olmasın, bu olsun”da Afaq Bəşirqızının geyimi də ən çox səhnə görən kostyumlardan biridir. Bu gün ən çox oynanılan tamaşaların geyimləri də bu otaqda saxlanılır”.
Geyim sexinin rəhbərindən onu da öyrəndik ki, onlar tamaşanın başlamasına bir neçə saat qalmış geyimləri aparıb qrim otağına qoyurlar. Tamaşa bitəndən sonra isə geyimləri təhvil alırlar: “Geyimlərdə cırıq, sökük olarsa, dərzi düzəldir, daha sonra onları yuyuruq və yenidən növbəti tamaşaya kimi hazır vəziyyətə gətiririk”.
Hər başlanğıcın bir sonu olduğu kimi, bizim də bu kiçik səyahətimiz artıq sona çatmaq üzrəydi. Həm kollektivlə, həm də incəsənət məbədi ilə növbəti dəfə tamaşalarda görüşmək ümidi ilə sağollaşıb, hündür pilləkənlərlə gəldiyimiz kimi düşüb qapıya yaxınlaşdıq. Qısa zaman ərzində olsa da, sehrinə qərq olduğumuz bu ocaqdan xoş xatirələr götürərək, teatrı tərk etdik.
Yeni maraqlı görüşlərə qədər...