BAKI, 13 may — Sputnik. Son günlər Türkiyə iqtisadiyyatında olan çalxalanmalar beynəlxalq təşkilatların da diqqətindən yayınmayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bununla bağlı olaraq beynəlxalq reytinq agentliyi olan "Moody's", Amerikanın aparıcı yatırım banklarından hesab edilən "Goldman Sachs" və "Morgan Stanley", Avropa Yenidənqurma və İnkişaf Bankı , "Reuters" xəbər agentliyi tərəfindən Türkiyəyə xəbərdarlıq edilib.
İnvestisiya bankı olan "Goldman Sachs" Türkiyə iqtisadiyyatının böyüməsi ilə bağlı proqnozları, tamamilə əksinə çevirib. "Goldman Sachs" Türkiyə iqtisadiyyatının böyüməsi, inkişaf etməsi ilə bağlı ehtimalların aşağı olmasına diqqət çəkib.
Beynəlxalq qurumların verdiyi bu xəbərdarlıqlarda son günlər TL-nin dollar qarşısında sürətlə çökməsinin ölkə iqtisadiyyatı üçün böyük fəsadlar verəcəyi qeyd olunub. Bir çox şirkətlər zəif iqtisadi arenanın getdikcə böyüməsinin təsirlərindən bəhs edib. Bundan başqa, yayılan proqnozlarda Türkiyənin Yüksək Seçim Qurumunun seçkilərlə bağlı qərarının TL-yə olan təzyiqləri daha da artıracağı vurğulanıb.
Reuters xəbər agentliyi yazır ki, Türkiyə Mərkəzi Bankı 40 milyard TL-lik ehtiyat fondunu mərkəzi hökumət büdcəsinə transfer etməyi planlaşdırır və bununla bağlı qanun layihəsi üzərində çalışır.
Amerikanın yatırım bankı olan Morgan Stanley isə 2019-cu ildə Türkiyədə Ümumi Daxili Məhsulda 1.8 faiz azalma proqnozlaşdırır.