BAKI, 13 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 14-dəhavadəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında isə mayın 14-də havanın, əsasən, yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 8-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə: Mayın 14-15-də Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişlidir.