İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 9 may — Sputnik. Azərbaycanda davamlı olaraq məcburi köçkünlər üçün şəhərciklər salınır, onlar mənzillə təmin edilirlər. Buna baxmayaraq, hələ də Bakıda yüzlərlə ailə 1992-93-cü ildə Bakıya gələrkən məskunlaşdıqları qarajlar, gecəqondular, yataqxanalar, məktəb və bağça binalarında yaşayırlar.
Hüseynovlar ailəsi uzun müddətdir ki, Xırdalan şəhərində acınacaqlı vəziyyətdə yaşayır. Radə Hüseynovanın sözlərinə görə, 1993-cü ildən burada məskunlaşıblar. Onlar Bakıya gələndən qaraja sığınıblar.
Qarajın isə nə pəncərəsi var, nə də nəfəsliyi. Divarlar nəm çəkib, içəridən kəsif qoxu gəlir, əşyalar üst-üstə qalanıb. Qaraj-evin hamamı da yoxdur. Radə xanım mətbəx dediyi kiçik yarımçıq tikilidən həm də hamam kimi istifadə edir. Yay aylarında qadın bu çətinliyə birtəhər dözsə də, qışı daha ağır keçirir. Deyir ki, içəridə soyuqdan diş-dişə dəyəndə, o, xəstə anasını burada çimizdirir.
"Mənə bircə otaq versinlər. Burada olmasa da olar. Rayonda bir parça torpaq, bir otaq ev versinlər, çıxaq gedək. Belə yaşayış olmaz", - deyən Radə Hüseynova bildirir ki, 26 ildir ki, bu ərazidə yaşamasına baxmayaraq, icra başçısını belə tanımır. Evin şəraiti olmadığı üçün yaşlı anasına da yaxşı baxa bilmir:
"Televizorda görürük ki, uşaqlar valideynlərini qocalar evinə qoyur. Biz heç vaxt bunu etmərik. Əziyyətlə də olsa, özümüz baxarıq. Amma bu şərait onun üçün də yaxşı deyil. Qışın günündə yaşlı qadını bu uçuq-sökük daxmada çimizdirirəm. Axı onun nə günahı var? İmkanımız yoxdur. Yerimiz də çox kiçikdir. Havalar isinən kimi çıxarırıq ki, həyətdə nəfəs ala bilsin. Sanki malı tövləyə salıb ağzını bağlamısan. Ölürük".
84 yaşlı Maya Xankişiyevanın dediyinə görə, 6-7 ildir əlil arabasına məhkum olub. Onun ayaqlarının tutulması bütün həyatını alt-üst edib. İndi Maya nənənin bütün işlərini qızı Radə edir. Bir tərəfdən şəraitsizlik, digər tərəfdən xəstəlik yaşlı qadını canından bezdirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, respublikanın şəhər və rayonlarında qəzalı vəziyyətdə olan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan və ciddi sosial problemlərlə üzləşən məcburi köçkünlər üçün yeni qəsəbələr inşa edilir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda və bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində işlər hazırda da davam etdirilir.
O, qeyd edib ki, indiyədək 103 qəsəbə istifadəyə verilib, 300 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
"Dövlət Komitəsində fəaliyyət göstərən komissiya məcburi köçkünlərin mövcud mənzil fondunun imkanlarına uyğun olaraq yerləşdirilməsi məsələsinə baxır və müvafiq qaydada həll edir. Bu zaman köçürülmə obyektlərində yığcam şəkildə məskunlaşmış məcburi köçkünlər eyni qaydada yeni yaşayış yerlərinə köçürülürlər. Bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi qaydası"na əsasən tənzimlənir", - deyə Mirzəyev əlavə edib.
İ.Mirzəyevin sözlərinə görə, məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün salınmış qəsəbələr müvəqqəti xarakter daşıyır. Onlar hazırda yaşadıqları regionda məskunlaşdırılır ki, bir neçə dəfə köçürülməyə məruz qalmasınlar.
"Onların məskunlaşması könüllülük əsasında aparılır. Əgər məcburi köçkün ona bölgədə yeni mənzil verilməsi barədə Dövlət Komitəsinə müraciət edərsə, həmin müraciətə müvafiq qaydada baxıla bilər", - deyə Mirzəyev əlavə edib.