BAKI, 8 may — Sputnik. Birləşmiş Ştatlar dövlət katibi Mayk Pompeo gözlənilmədən İraqa səfər edib. Sputnik Azərbaycan "BBC News"-a istinadən xəbər verir ki, ABŞ rəsmisi İranla gərginlik fonunda gözlənilmədən Bağdada gəlib.
Məlumatda qeyd olunur ki, Pompeo Berlin səfərini yarımçıq qoyaraq Bağdada gəlib və 4 saat İraqda olub.
O, Bağdada İraqın Baş Naziri Adil Abdul Mehdi və Prezident Barham Salihlə görüşüb.
Pompeo görüşdə İraq liderlərinə bildirib ki, Birləşmiş Ştatlar "heç kimin onların ölkəsinə müdaxilə etməsini istəmir". Pompeo iraqlılardan bu ölkədəki ABŞ qoşunlarını qorumaqlarını istəyib.
Məlumatda səfərin son günlər İranla artan gərginliklə bağlı olduğu deyilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Birləşmiş Ştatlar "Abraham Lincoln" aviadaşıyıcısını regiona göndərib. Rəsmi Vaşinqton vurğulayıb ki, aviadaşıyıcının regiona göndərilməsi İranın ABŞ qüvvələrini və onun müttəfiqlərini təhdid etməsinə cavabdır.