BAKI, 7 may — Sputnik. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məsləhətçisi, Əməkdar jurnalist Mübariz Əsgərovun müəllifi olduğu "Şuşanın dağları qara dumanlı" sənədli filminin təqdimatı keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, təqdimat mərasimində millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Musa Qasımlı və digər ziyalılar iştirak ediblər. Filmin əsas süjet xəttini Şuşanın işğalı, daxildəki xəyanət, baş verən hadisələrə o dövrün hakimiyyətinin laqeyd münasibəti təşkil edir.
O zaman Şuşanın xilası üçün mühüm rol oynayan şəhər rəhbəri Mikayıl Gözəlovun fəaliyyətinin lentə alındığı filmdə onun qətli haqda da müəyyən məlumatlar verilib. Qətli təşkil edən, ömürlük azadlıqdan məhrum olan Elbrus İbrahimov təqdim olunan kadrlarda bu hadisəni necə törətməsi ilə bağlı danışıb.
Qeyd edək ki, 51 yaşlı məhbus artıq 26 ildir ki, 4 divar arasında məhbəs həyatı yaşayır. Bundan başqa, filmdə aprel döyüşlərindən, Lələtəpənin azad olunmasından da bəhs edilir.