BAKI, 7 may — Sputnik. Prezident İlham Əliyev Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalıdır.
Prezident İlham Əliyev Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında da sərəncam imzalayıb.
Sərəncama əsasən, Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Prezident İlham Əliyev Qobustan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında da sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Qobustan rayonunda sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Qobustan İdman Kompleksi, Gənclər Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 24 mənzilli 2 yaşayış binası inşa edilmiş, müasir tələblərə cavab verən turizm obyekti, 18 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi, xalçaçılıq müəssisəsi yaradılmış, yeni avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən, Qobustan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.