Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 7 may — Sputnik. İki ay öncə Prezident İlham Əliyev iki teatra - Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi haqqında sərəncam imzaladı. Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Sputnik Azərbaycan-a müsahibəsində Prezidentin bu sərəncamından və aktyorlara göstərilən diqqətdən sonra baş vermiş yeniliklər, Teatrın bugünkü vəziyyəti barədə danışıb.
- Teatrların mövcud durumu sizi qane edirmi?
- Azərbaycan teatr sənətində çox böyük irəliləyiş var. Bu gün teatrların afişaları tamaşaçıları tez-tez yeni premyeralara dəvət edir. Azərbaycan teatrı dünyanın ən müxtəlif yerlərində təmsil olunur, dünya teatrları arasında öz sözünü deyir. Fərqli teatr festivallarına dəvət alır. Qeyd edim ki, festivala dəvət almaq heç də asan deyil. Festivalda iştirak etmək üçün öncə ərizə və təmsil edəcəyimiz əsəri göndəririk. Kifayət qədər öz sözünü demiş münsiflər heyəti müxtəlif ölkələrdən göndərilmiş 80-90 əsərdən 25-30-unu seçərək festivalın proqramına daxil edirlər və həmin teatr festivala dəvət olunur. Akademik Musiqili Teatr da sevilən, festivallarda maraqla izlənən, qalib olan teatrlardandır.
- Qeyd etdiyiniz münsiflər heyətinin tərkibində azərbaycanlı teatr xadimləri də yer alırmı?
- Olur. Mən özüm bir neçə beynəlxalq festivalda münsiflər heyətində iştirak etmişəm. 2017-ci ildə Rusiyanın Sverdlovsk vilayətində keçirilən beynəlxalq festivalın münsiflər heyətində yer almışdım. Bizim gənc aktrisamız Aydan Həsənova da orada iştirak edirdi, 3-cü yerin sahib oldu. Aydan Həsənovaya həmin festivalda bir neçə teatrdan təklif gəldi. Halbuki Aydan cəmi 6 ay idi ki, bizdə işə başlamışdı. Artıq 3 ilə yaxındır Aydan bizim teatrda çalışır.
- Akademik Musiqili Teatrın ən uğurlu tamaşası kimi hansını göstərmək olar?
- Teatrda hər il 4-5 əsər səhnələşdirilirsə, bunların hamısı şedevr ola bilməz. Etiraf edirəm ki, Musiqili Teatra rəhbərlik etdiyim müddətdə “Balaca şahzadə” əsəri qədər uğurlu tamaşa olmayıb. Bizdə gözəl tamaşalar var, məsələn, “Zirvə” mükafatına layiq görülən “Evlənmə”, eyni zamanda “Mənim günahım”, “Baladadaşın toy hamamı”. “Balaca şahzadə” isə uşaqlar üçün yazılmış böyük tamaşasıdır. Uşaqlar da, böyüklər də bu tamaşaya böyük həvəslə baxırlar. Tamaşada olduqca gözəl mesajlar verilir.
- Əliqismət bəy, bu gün tamaşaçı teatra əsəri sevdiyinə görə gəlir, yoxsa...?
- Tamaşaçı müxtəlif səbəblərdən teatra gəlir. Bəziləri rejissoru, bəziləri də aktyorları sevdiyinə görə, bəziləri isə tamaşanı gözlədiyi üçün. Bizim teatrda ən çox aktyorları sevərək gəlirlər. Məsələn, Afaq Bəşirqızını tamaşaçılar sevdikləri üçün bu teatra gəlirlər. Tamaşanın hansı olması onlara maraqlı deyil, məhz 2 saat aktrisa ilə üz-üzə qalmaq istədikləri üçün gəlirlər. Eyni zamanda, Əmrah Dadaşov sosial şəbəkələrdə çox məşhur olan aktyorlarımızdan biridir. O, iştirak etdiyi tamaşaları sosial şəbəkələrdə paylaşır. Məhz ona görə tamaşaya gəlib baxan tələbələrin sayı daha çox olur. Bu da aktyorun böyük uğurudur.
- Maraqlıdır, teatrda iş rejimi necədir?
- Biz şənbə və bazar günləri də işlədiyimiz üçün həftənin bazar ertəsi istirahət edirik. Həftənin çərşənbə axşamı səhər 11-dən 12-yədək iclas keçiririk. İclasda keçən həftə oynanılan tamaşalarda yol verdiyimiz səhvləri həmin tamaşalarda oynayan aktyorlar, rejissorlar və digər işçi heyəti ilə birlikdə müzakirə edirik. Daha sonra isə yeni həftə haqqında planlarımızı müzakirə edir və işə başlayırıq.
- Əcnəbilər tamaşalara gəlirmi?
- Bəli. Bu yaxınlarda “Baladadaşın toy hamamı” əsərinə baxmaq üçün 35-a yaxın xarici vətəndaş gəlmişdi. Bakıda turist olan həmin əcnəbilər özləri teatrımıza gəlmək istəmişdilər. “O olmasın, bu olsun” tamaşasına Türkiyədən təşrif buyurmuş qonaqlar daha çox gəlib baxırlar. “Silva” tamaşasına rusiyalı qonaqlar daha çox gəlir. Eyni zamanda, Belarus vətəndaşları da gəlirlər.
- Bir məsələ də maraqlıdır, teatr müasir həyatla ayaqlaşanda daha çox tamaşaçı cəlb edir, yoxsa ki, klassik əsərlərə müraciət edəndə?
- Teatr müasir olmasa, müasirləri düşündürə bilməsə, onda teatr deyil. Teatrın da özəlliyi budur. Hətta klassik əsərlərə də yeni ruh vermək lazımdır. Biz “Balaca şahzadə”ni də müasir dövrə uyğun səhnələşdirmişik. Bu tamaşada tamaşaçı üçün maraqlı məqamlar çoxdur.
- “Hicran” tamaşası illərlə bu teatrın ən çox baxılan tamaşası olub. Bu gün ona da yeni ruh verilə bilər?
- Biz zamanla tamaşaya qoyulmuş əsərləri yenidən səhnələşdiririk. Amma elə əsərlər var ki, onları yenidən səhnələşdirmək olmaz. Çünki öncədən bilinir ki, bu əsər əvvəlki kimi uğur qazanmayacaq. 1982-ci ildə “Hicran” tamaşasını mən Naxçıvanda rejissor olan zaman səhnələşdirmişəm. Hətta Nəsibə Zeynalova, Siyavuş Aslan və Hacıbaba Bağırov tək-tək olsa da, tamaşada oynayıblar. Aktyorların özləri də bu tamaşada oynamaqdan razı qalırdılar. Sevilən tamaşalardan biri idi. Amma bu gün o tamaşanı yenidən səhnələşdirmək, düşünürəm ki, uğursuz olar. Çünki bir dəfə səhnələşdirilib, amma əvvəlki effekti verməyib.
- Hazırda hansısa tamaşanı yenidən səhnələşdirirsiniz?
- Bu gün biz “Qaynana” tamaşasını yenidən səhnələşdirməyi düşünürük. Məşqlərin birində aktrisalarımızdan birinin oyununu görən zaman diqqətimi çəkdi və yanımda əyləşən rejissor dostuma dedim ki, bu aktrisanı qaynana kimi görürəm. O da, eyni zamanda mənə bu barədə fikirləşdiyini dedi. Hazırda tamaşa haqqında müzakirələr gedir.
- Əliqismət bəy, Musiqili Teatra gənc aktyorları işə götürərkən hansı meyarlar nəzərə alınır?
- İldə iki dəfə biz müsabiqə elan edirik. Müsabiqə sentyabr və may aylarında həyata keçirilir. Tək aktyorlar arasında yox, eyni zamanda xor, balet, orkestr heyətlərinə də gənc kadrlar seçirik. O zaman münsiflər heyəti seçim edir. 2-3 gün ərzində 120-150 nəfər arasından cəmi 3-4 nəfər seçim edə bilirik. Aktyor, balet və xor heyətinin hər birinə bir nəfər götürürük. Çünki bizim teatrda işləmək üçün meyarlar çoxdur. Musiqili Teatrda işləmək üçün gəncin həm yaxşı aktyorluq qabiliyyəti, həm gözəl səsi olmalı, həm də rəqs etməyi bacarmalıdır.
- Aktyorların əksəriyyəti seriallara, televiziya aparıcılığına, reklama çəkilirlər. Siz aktyorlarınız üçün buna şərait yaradırsınız?
- Aktyor bütün sahələrdə özünü sınamalıdır. Televiziyada aparıcılıq etməlidir, filmlərdə oynamalıdır. Mən də işçilər üçün şərait yaradıram. Amma bütün bunların önündə teatr fəaliyyəti dayanır. Öncə teatr, sonra digər işlər. Çünki teatr canlı sənətdir, aktyor səhv edə bilməz. Ona görə də tamaşaya tam hazır olmalıdır.
Cənab Prezident İlham Əliyev əmək haqlarımızı da qaldırdı. Akademik teatr olduğumuz üçün bizim əmək haqlarımız 2 qat artdı. Bu da, təbii ki, aktyorların teatra, sənətə daha çox önəm verməsinə stimul olacaq.
- Qarşıda hansı tamaşaların premyerası gözlənilir?
- Samir Qulamovun rejissorluq edəcəyi “Paris Notr-Dam kilsəsi” tamaşasına başlamışıq. Bu, musiqili tamaşa olacaq. Həmçinin hazırda “Qırmızı papaq” tamaşası da rus dilində hazırlanır. Tamaşanın son məşqləri gedir. Həmçinin Səid Rüstəmovun “Beş manatlıq gəlin” əsəri üzərində məşqlər davam edir. Tamaşaçılarımızı daim sevindirməyə çalışırıq.